» » » "Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO

"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO

"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO

Gərək ki, həqiqi insan aşiqi olan F.M.Dostoyevski yazıb: "İnsanın ən yaxşı tərifi iki ayaq üstündə olan və minnətdarlıq bilməyən canlıdır". Atılmış körpələrin ən azı anası qədər günahkar olduğunu düşünənlərə münasibətdə Dostoyevskinin nə qədər haqlı olduğunu görürük...

2002-ci ilin martın 29-da çalışdığım redaksiyanın qarşısında tapdığım, nimdaş əskiyə bürünmüş, üz-gözü yara içində olan, paltarları kimi özü də nimdaş qoxuyan birgünlük körpəyə xəstəxana və körpələr evində göstərilən münasibətdən keçirdiyim sarsıntını indiyə qədər unutmuram. "Yəqin ki, öləcək, mikroba bulaşıb, iyindən öldüm", - 1 saylı körpələr evindəki dayənin qışqırtısı, "Bu körpə elə anası qədər günahkardır", - Ə.Qarayev xəstəxanasındakı tibb bacısının acıqla dedikləri yaddaşıma həkk olunub.

"Zibillikdən uşaq tapıldı", "Ana uşağından imtina etdi"

Xəbər lentlərində adi, quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında dəhşətli faciə dayanan bu kimi məlumatlara tez-tez rast gəlirik. Bu uşaqların sonrakı taleyi, onlara necə qulluq göstərildiyini öyrənmək üçün təxminən 14 ildən sonra yenidən 1 saylı körpələr evinə getdik. Atılmışlara göstərilən münasibətlə, yaşadıqları şəraitlə tanis olduq. "Körpələrin sakit olması üçün səhər-axşam onlara yuxu dərmanı içirirlər", "Körpələr yayda istidən, qışda soyuqdan donurlar" kimi yayılan ittihamlara da cavab tapmağa çalışdıq.

Zibilliyə, küçəyə atılmış uşaqlar: ildə 70-80 körpə

Körpələr evində yeni doğulmuşdan 3 yaşına kimi 58 uşaq yaşayır. Hazırda uşaqların 12-si müayinə və müalicə üçün klinikalara göndərilib.

"Əvvəllər bu müəssisədə 140-150 uşaq saxlanılırdı. Atılmış uşaqların sayı azalmayıb. Sadəcə olaraq, son illər övladlığa verilən uşaqların sayı artıb. Əvvəllər ildə 10-11 uşaq övladlığa verilirdi, indi 50-60 uşaq övladlıq edilir", - körpələr evinin baş həkimi Nəhayət Əliyeva deyir.

Baş həkim əlavə edir ki, il ərzində təxminən 60-70 uşaq tapılaraq müəssisəyə gətirilir. "Uşaq tapılandan sonra bu barədə tapıldığı ərazinin polis bölməsinə müraciət olunur. Bölmədə qeydiyyat apardıqdan sonra uşaq bizim müəssisəyə göndərilir. Bundan başqa, doğum evlərində imtina edilmiş uşaqlar da bura köçürülür. Həmçinin ana dünyasını dəyişir və ya ağır xəstəliyə yoluxursa, ata övladına baxa bilməyəcəyini əsas gətirərək onu körpələr evinə verir. Amma atılmış uşaqların sayı həmişə çoxluq təşkil edib", - N.Əliyeva izah edir.

Hazırda burada saxlanılan uşaqların cəmi 3-ü problemli ailələrdən gətirilib. İcra hakimiyyətlərinin qəyyumluq şöbələri tərəfindən körpələr evinə gətirilən uşaqların anaları psixi xəstədir. 6 körpədən anası imtina edib, 49 uşaq isə küçədən tapılıb.

"Təcrübə göstərir ki, doğum evlərində imtina olunmuş körpələr əsasən nikahdankənar doğulmuşlardır. Bəzən analar deyirlər ki, biz elə bildik ki, uşaq doğulandan sonra oğlanın ürəyi yumşalacaq, evlənmək istəyəcək. Amma evlənmədiyi üçün uşaqları istəmirik. Bundan başqa, küçəyə atılmış və icra hakimiyyətlərinin sərəncamına uyğun olaraq uşaqlar burda yerləşdirilirlər. Bəzən ana xəstə olur, ata körpəyə baxa bilmir. Körpə bu müəssisəyə yerləşdirilir, sonra bağçaya verilir", - N.Əliyeva deyir.

"Ağzı bağlı torbada zibilliyə atılmış uşağı don vurmuşdu"

Atılmış uşaqlar daha çox zibillikdən, binaların girəcəyindən tapılır. Onları ölümə tərk edənləri isə aşkarlayaraq məsuliyyətə cəlb etmək heç də həmişə mümkün olmur. "Uşaqları zibilliyə atıb qaçırlar. Təsəvvür edin, soyuq yanvar ayında zibil atmağa gedən əməkdaşlarımızdan biri uşaq tapmışdı. Uşağı sellofan torbanın içərisinə qoyub ağzını bağlamışdılar. Əməkdaşımız zəif pişik səsinə bənzər səsi eşitməsəydi, uşaq donvurmadan öləcəkdi. Körpə o qədər donmuşdu ki, təcili yardım çağırmağa vaxtımız olmadı. Onu Qarayev adına uşaq xəstəxanasına çatdırdıq. Xoşbəxtlikdən, uşaq sağ qaldı", - N.Əliyeva deyir. Əlavə edir ki, son vaxtlar maraqlı hadisə ilə qarşılaşırlar: "Gecələr bizim müəssisənin qarşısına uşaq atıb gedirlər. Nəzarətçi qapını açır ki, uşağı qoyub qaçıblar. Dərhal polis bölməsinə müraciət edirik".

Səbəblər...

Səbəbləri soruşuruq. Daha doğrusu, övladı küçəyə atmağa səbəb ola biləcək bəhanələri... Nəhayət xanım deyir ki, 15 ildir bu müəssisəyə rəhbərlik edir, amma indiyədək atılmış uşaqların valideynlərinin tapılması kimi faktla rastlaşmayıb. Lakin uşağından imtina etmiş analarla qarşılaşıb. Əksəriyyətin də arqumentləri bənzərdir: "Deyirlər ki, oğlan mənə söz verdi və sonra sözünə əməl edib evlənmədi. Və ya uşağı dünyaya gətirirlər ki, bəlkə oğlan məcbur olub ailə qurmağa razılaşsın. Amma son nəticədə uşaq qurbana çevrilir".

"Analar" yalnız bir daha ana olmayacaqlarını öyrənəndən sonra peşman olurlar. Bunu da Nəhayət xanım deyir.

Uşaqalrın əksəriyyəti hepatit və sifilisə yoluxub

Baş həkim deyir ki, uşaq müəssisəyə daxil olmadan bütün müayinələrdən keçirilir. Körpələrin əksəriyyətində hepatit və siflisə yoluxma aşkarlanır. Bu isə onu göstərir ki, müxtəlif səbəblərlə özünə haqq qazandırmağa çalışan "analar" bu uşaqları təsadüfi tanışlıqdan doğurlar. "Uşaqların əksəriyyyətində hepatit və ya sifilis aşkarlanır. Təbii ki, uşaqlar müalicə alırlar. Amma bu onu göstərir ki, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi əlaqə nəticəsində dünyaya gəlib", - N.Əliyeva deyir.

İmtina olunmuş uşaq dərhal, atılmış isə 6 aydan sonra övladlığa verilə bilər

Valideynləri tərəfindən imtina ediləndən sonra körpələr evinə verilmiş uşaq 3 gün müddətində icra hakimiyyətlərinin qəyyumluq komissiyaları tərəfindən siyahıya alınır. "10 gün ərzində həmin uşaq övladlığa verilə bilər. Amma bu proses bir qədər ləngiyir. Çünki bizim müəssisəmiz tərəfindən uşaq hərtərəfli müayinədən keçirilir, yalnız tam sağlamlığına əmin olduqdan sonra övladlığa verilir. Uşağın tam müayinədən keçirilməsi ən azı 1-2 ay vaxt tələb edir", - N.Əliyeva deyir. Amma atılmış uşaqlar yalnız 6 aydan sonra övladlığa verilə bilər. "Səbəb də odur ki, 6 ay müddətində uşağın valideynləri axtarılır. Yalnız 6 ay tamam olandan sonra biz polis bölməsinə müraciət edərək uşağın valideynlərinin tapılıb-tapılmadığını öyrənirik. Bundan sonra uşaq övladlığa verilə bilər. 15 illik təcrübəmdə hələ atılmış uşağın valideyninin tapılması halına rast gəlməmişəm".

Uşağın övladlığa verilməsinə gəldikdə, bunun üçün müəyyən şərtlər irəli sürülür. Məsələn, övladlıq üçün müraciət edənlər yaşadıqları evin sənədini, iş yerindən arayış, nikah müqaviləsini və sağlamlıq arayışı təqdim etməlidirlər. Bundan sonra ailə ərazi üzrə qəyyumluq şöbəsi tərəfindən araşdırılır. Ailə narkoloji, ruhi dispanserdə yoxlanılır, vərəm, onkoloji xəstə olub-olmadığı öyrənilir. Son qərarı isə məhkəmə verir.

Uşaqların övladlığa verilməsi ilə bağlı qanunvericilikdə övladlıq istəyənlərin yaş məhdudiyyəti əksini tapmayıb. Lakin araşdırmalar göstərir ki, yaşı 50-dən yuxarı olanların 3 yaşına qədər uşaqları övladlığa götürmələrinə imkan verilmir. Belə ailələrə Təhsil Nazirliyinin tabeliyindəki uşaq müəssisələrindəki azyaşlılar təklif olunur. Qadının yaşı 55-i ötəndən sonra isə övladlığa uşaq götürmək daha da çətinləşir.

6-15 ildən sonra uşağını istəyən analar

Televiziyadakı verilişlərdə tez-tez rastlaşırıq. Peşman olan analar uşaqlarının geri verilməsini istəyirlər. Təbii ki, insanların zəif nöqtəsi - aclıq, səfalət, zorakılıq hekayələri və göz yaşları köməyə çatır. N.Əliyeva deyir ki, hazırda bununla bağlı iki iddiaya məhkəmədə baxılır. "Uşaq dovşandodaq doğulmuşdu. Ana elə xəstəxanadaca imtina ərizəsi yazaraq uşağı qoyub getmişdi. Uşaq 3 gündən sonra bizim müəssisəyə köçürülmüşdü. Biz körpəni 6 aylığında və 1 yaşında əməliyyat etdirdik. Körpə 2 yaşında övladlığa verilirb. Ana təkrar ailə qurub və bir daha ana olmayacağını bilib. İndi 6 ildən sonra geri dönüb ki, övladımı geri istəyirəm. 2 ildir bütün məhkəmə instansiyalarına müraciət edib. Hələ də məhkəmə davam edir, amma ananın tələbi yerinə yetirilmir. Təsəvvür edin, 6 ildir başqa ailə uşağı böyüdüb, uşaq onları əsl ata-anası hesab edir. İndi uşağı geri anasına qaytarmaq o ailəyə qarşı haqsızlıq deyilmi? Uşağın həyatı alt-üst ola bilər".

Digər hadisə isə Nizami rayonunda baş verib. Bir ağacın altında taleyin ümidinə buraxılan uşaq körpələr evində yerləşdirilib. Uşaq övladlığa verilib, üstündən 3 il keçəndən sonra ana gəlib ki, uşağı geri qaytarmaq istəyirəm. "Ana deyir ki, sevdiyim oğlan mənimlə ailə qurmaq istəmirdi. Buna görə də, uşağı küçəyə atdım. Sonradan oğlanla barışdım və biz ailə qurduq. Amma həkimlər bir daha övladımızın olmayacağını deyirlər. İndi bu uşağı istəyirik. Bu işə hazırda məhkəmə baxır", - N.Əliyeva qeyd edir. Saatlı rayonundan müraciət edən qadın isə 15 ildən sonra qızının geri qaytarılmasını istəyir. Belə ki, qadın uşaqlarını körpələr evinə qoyub, sonra oğlunu geri istəyib. Düz 15 ildən sonra da qızını istəyir. Səbəb isə odur ki, oğlu sözünə baxmır, onu götürməsinə peşmandır.

Əvvəllər qız, indi oğlandan imtina edirlər

Baş həkim deyir ki, əvvəllər daha çox qız uşaqları küçəyə atılırdı və ya imtina edilmiş uşaqların əksəriyyəti qız olurdu. İndi isə vəziyyət fərqlidir. Atılmışların çoxu oğlanlardır. "Düzü, biz bunun səbəblərini bilmirik. Düşünürük ki, qız uşağı istənmədiyindən tərk edilib. Amma indi fikirləşirik ki, övladını tərk edən qadın üçün uşağın qız və ya oğlan olmasının fərqi yoxdur", - Nəhayət xanım söyləyir.

Yuxu dərmanı iddiası...

Körpələr evində hər kəsdən, hətta qapının ağzında baş həkimi gözləyənlərdən də buradakı vəziyyəti soruşuruq. Təbii ki, yuxu dərmanı iddiasını araşdırmaq çətindir. Elə uşaqların qaldığı qruplarda da körpələrin vəziyyətini öyrənəndə ilk diqqət yetirdiyimiz məqam budur. Sualımıza hər kəs təəccüblənir. "Bu körpələr həyatın ən böyük zərbəsini alıblar. Heç bir vicdansız adam belə bir işə imkan verməz", - deyən dəyələrin etirazına baş həkim də qatılır: "Birincisi, 50-60 uşağa hər gün yuxu dərmanı vermək üçün dərman alınmalıdır. Yəni pul lazımdır. İkincisi, bu uşaqlar müxtəlif müəssisələrdə tez-tez yoxlamadan keçirilirlər. Burada işləyənlərin əksəriyyəti həkim, tibb işçisidir. Daimi yuxu dərmanından istifadənin nəticələrini də bilirlər".

"Atılmış uşaqların heç bir günahı yoxdur", - baş həkim və uşaqlara baxanlar tez-tez bu ifadəni işlədirlər. İnanmaq istəyirik...(Virtualaz.org)

"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO
"Uşağı doğdum ki, oğlan mənimlə evlənsin"-FOTO