» » » İmişlidə DƏHŞƏT!- Ölünün avtomobili polis şöbəsinin həyətindən "YOXA ÇIXIB"

İmişlidə DƏHŞƏT!- Ölünün avtomobili polis şöbəsinin həyətindən "YOXA ÇIXIB"

İmişlidə DƏHŞƏT!- Ölünün avtomobili polis şöbəsinin həyətindən "YOXA ÇIXIB"

2015-ci ilin oktyabrın 23-də Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Xəlfəli kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. "Mersedes-Benz" markalı avtomobil, yolun digər hərəkət zolağı ilə qarşı tərəfdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb, mikroavtobusda olan sərnişinlərin bir neçəsi müxtəlif formada xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı elə həmin gün İmişli rayon prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq araşdırması zamanı müəyyən edilib ki, "Mersedes"in sürücüsü, İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Musayev Rabil İznulla oğlu avtomobili sürücülük hüququ olmadan, müəyyən edilmiş həddən yüksək sürətlə idarə edibmiş. Qəza həmin avtomobil üzərində idarəetmənin itirilməsi səbəbindən baş verib. Lakin həmin şəxsin özü də öldüyü üçün cinayət işinə xitam verilib.
İşdən iş çıxıb Yol qəzası ilə bağlı cinayət işinin istintaqı zamanı ortaya biabırçı fakt çıxdığından, İmişli Rayon Prokurorluğu yeni cinayət işi açmağa məcbur olub. Belə ki, qəzaya düşmüş avtomobillər elə həmin gün İmişli Rayon Polis Şöbəsinin həyətinə gətirilib, üstündən bir müddət keçəndən sonra isə onlar yoxa çıxıb. Uzun axtarışdan sonra əzilmiş maşınlardan biri, daha doğrusu, onun qalıqları zibillikdən tapılıb.
Qəza nəticəsində ölən "Ford" mikroavtobusunun sürücüsü Məhəmməd Vəliyevin qardaşı, Beyləqan şəhərinin Akif Cavadov küçəsindəki 19 saylı evdə yaşayan Elşən Vəliyev Sputnik-ə bildirib ki, əzilmiş maşını İmişli RPŞ-nin həyətindən götürmək üçün bir neçə dəfə prokurorluğa müraciət ediblər: "Hər belə müraciətimizə cinayət işini aparan müstəntiq Oruc Hümbətzadə cavab verirdi ki, ekspertiza rəy verənə, zəruri istintaq hərəkətləri başa çatana qədər gözləyin. Qəza zamanı avtomobildə olmuş sərnişinlər sonradan öz şəxsi əşyalarını da çətinliklə götürdülər. Çünki maşının qapıları prokurorluq tərəfindən möhürlənmişdi".
Elə ki, təhvil alma məqamı gəlir, əzilmiş avtomobil polis idarəsinin həyətində tapılmır: "Müstəntiqin və prokurorun polis rəsmiləri ilə uzun-uzadı danışığından sonra bizə "Ford"un qalıqları rayon mərkəzinin hüdudlarından kənarda yerləşən zibilxanada göstərildi. Maşın polis idarəsindən birbaşa ora aparılmayıb, bizə göstərməzdən əvvəl haradansa gətirib qoymuşdular". Polis şöbəsi prokurorluğun sorğusunu cavablandırmayıb İstintaq araşdırması ilə müəyyən edilib ki, qəzaya düşən mikroavtobusun üzərindən qapılar, təkərlər, akkumulyator, qoruyucu qutu, səsboğucu katalizator, arxa qapının kilid sistemi, qaldırıcı qurğu, səsgücləndirici, salondakı üzlüklər, şüşələr, açar dəzgahı çantası və digər istifadəyə yararlı olan əşyalar götürülüb. Rayon Prokurorluğu bildirir ki, avtomobillər polis idarəsinin həyətindən onların xəbəri olmadan, polis əməkdaşları tərəfindən götürülərək, İmişli şəhərinin Xiyabani küçəsinə, Şirə Zavodunun yaxınlığına aparılıb və burada mühafizəsi təmin edilmədən saxlanılıb. "Həmin avtomobillərin nə vaxt, kimin göstərişi və kimlər tərəfindən polis şöbəsinin həyətindən çıxarılması və aparılmasının məqsədi ilə bağlı göndərdiyimiz sorğulara İmişli RPŞ cavab verməyib. Fakta görə 10.08.2016-cı il tarixdə CM-in 177.1-ci maddəsi ilə cinayət işi açılaraq aidiyyatı üzrə İmişli RPŞ-nin istintaq bölməsinə göndərilib", — prokurorluğun iş üzrə açıqlamasında bildirilir.
E.Vəliyev iddia edir ki, sıravi polis əməkdaşları polis idarəsinin, kənarları daş hasarlı, mühafizə və müşahidə altında olan həyətindən avtomobili öz təşəbbüsü ilə çıxara, yaxud onu oğurlaya bilməzdi, buna ya şöbə, ya da bölmə rəisi göstəriş verib: "Yəqin ki, bunu prokurorluqda da bilməmiş deyillər. Avqust ayında formal olaraq cinayət işi açılıb. Amma istintaqın aparılması elə polisə həvalə edilib. Əgər prokurorluq sorğusuna cavab ala bilmirsə, istintaqa nəzarəti necə həyata keçirir?".
"Bizi yola verirlər" Mərhum Məhəmməd Vəliyevin oğlu Elçin Vəliyev bildirir ki, davamlı olaraq şikayət edəndən sonra polis rəsmiləri tərəfindən onlara 500 manat təklif olunub, bundan imtina ediblər. Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə ünvanladıqları şikayətləri "araşdırılıb tədbir görülməsi və nəticəsi barədə vətəndaşa cavab verilməsi üçün" yerli prokurorluq və pois orqanlarına göndərilir, buradan isə onlara cavab verilmir.
"Son vaxtlar nə yazılı müraciətimizə cavab verilir, nə də bizi qəbul edib bir söz deyən olur. İstintaqdan heç bir xəbər yoxdur. Qalmışıq Beyləqan-İmişli yolunda. Bax beləcə bizi yola verirlər", - mərhumun oğlu bildirir.
Polis hələ də əməliyyat aparır. Sputnik-in məsələ ilə əlaqədar İmişli Rayon Polis Şöbəsinə ünvanlandığı sorğunu istintaq bölməsinin rəisi Elnur Məmmədov çox qısa şəkildə cavablandırdı: "Cinayət işi başlanılıb, istintaq gedib. İndi də zəruri əməliyyat tədbirləri davam etdirilir".

İmişlidə DƏHŞƏT!- Ölünün avtomobili polis şöbəsinin həyətindən "YOXA ÇIXIB"
İmişlidə DƏHŞƏT!- Ölünün avtomobili polis şöbəsinin həyətindən "YOXA ÇIXIB"