» » » Bakıda hamı bu müəllimənin dələduzluğundan danışır - ŞOK FAKTLAR

Bakıda hamı bu müəllimənin dələduzluğundan danışır - ŞOK FAKTLAR

Bakıda hamı bu müəllimənin dələduzluğundan danışır - ŞOK FAKTLAR

Bakıda vətəndaşlara qarşı dələduzluq edən müəllimənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə 276 saylı məktəb-liseyin müəlliməsi olan Validə Əsədovanın əməllərindən zərərçəkmiş şəxslər də iştirak ediblər. Hakimin və prokurorun sualları ilə müəllimənin vətəndaşları necə aldatması, onların əmlakını necə ələ keçirməsi üzə çıxıb. Amma müəllimə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Əli Əliyev ittiham aktını elan edib.

Qızıllar, ali məktəbdə qəbul, 200 minlik torpaq…

İttiham aktında qeyd edilir ki, V.Əsədova Bakı sakinlərinin etibarından sui-istifadə edərək onları aldadıb. Nisyə aldığı qızıl-zinət əşyalarının pulunu ödəməyib. Bu azmış kimi müəllimə öz soyadını dəyişərək istintaqdan da yayınmağa çalışıb.

Validə Əsədova Bakı sakinləri Məharət İsmayılov, Leyla Hüseynova, Samirə Bağırova, Əbil Əbilov, İlham İbişov və digərlərinə qarşı dələduzluq etməkdə təqsirləndirilir.

İttiham aktında deyilir ki, V.Əsədova L.Hüseynovadan nisyə qızıl alıb. İlkin ödəniş kimi 1900 manat versə də qalan 7 min manat məbləği ödəməyib.

O, "CaspianShop" Ticarət Mərkəzində qızıl-zinət əşyaları mağazasının sahibi olan İlham İbişovdan da 25 min manat dəyərində qızıl alıb. Bir hissəsini ödəsə də qalan 15 min manat məbləği ödəməyib.

"Moskva" univermağında qızıl alveri ilə məşğul olan Əbil Əbilov da müəlliməyə nisyə qızıl verən, sonra pulunu geri ala bilməyənlərdəndir. Ə.Əbilov 6 min manatının ödənilmədiyini deyir.

Digər bir ittiham isə Bakı sakini Vahid Haşımovun torpaq sahəsinin ələ keçirilməsi ilə bağlıdır. İttiham aktında yazılır ki, V.Əsədova Haşımova məxsus torpaq sahəsini 200 min manata alacağı ilə bağlı razılaşıb və sənədləşmə işləri aparılıb. Lakin bundan sonra V.Əsədova 200 mini ödəməyib. Və həmin torpağı başqa şəxsə satıb.

Bunlardan əlavə V. Əsədova ali məktəblərə tələbə qəbulu, qəbul imtahanlarında aşağı bal toplamış abitruyentlərin ali məktəblərə qəbuluna kömək edəcəyi adı ilə də bəzi şəxslərdən pul alıb.

Övladını universitetə düzəltmək adı ilə pul aldığı şəxslərdən biri də qeyri-rəsmi münasibətdə olduğu Vüqar Kazımovun bacısı olub. V.Əsədovanın sevgilisinin bacısından Qərb Universitetində oxuyan oğlunu başqa universitetə köçürmək üçün 4500 manat aldığı qeyd edilir.

Müəllimənin sevgilisinin bacısı da ondan şikayətçidir

Təqsirləndirilən V.Əsədova prosesdə özünü təqsirli bilmədiyini deyib. O, söyləyib ki, şikayətçilərdən biri olan Vüqar Kazımovun bacısı ona şər atır: "Vüqarın bacısı istəmir ki, qardaşı ailə həyatı qursun. Ona görə də yalandan mənə şər atır. Ondan pul almamışam. Mən ali təhsilli müəlliməyəm. Mənə qarşı bu işi düzüb-qoşublar. Bütün bunları müstəntiq Eldar Abdullayev edib. Leyladan da aldığım qızılların pulunu ödəmişəm. Amma müstəntiq onu məcbur edib ki, məndən şikayət etsin. İlham müəllimlə də razılaşmışam. Borcumun bir hissəsini ödəmişəm. Qalanını da ödəyəcəm".

"Qızılları özümə almışam…"

Hakim Validə Əsədovadan qızılları nə məqsədlə aldığını və harada olmasını soruşub.

Qızılları özünün istifadəsi üçün aldığını deyən V.Əsədova bildirib ki, pulunu ödəmədiyi qızılları istintaqa təhvil verib: "Qızılları özümə almışam. Obyektlərim də var".

Bundan sonra təqsirləndirilən şəxs günahsız olduğunu deyərək ona qarşi irəli sürülən ittihamlarla bağlı danışmağa başlayıb. Hakimin xəbərdarlığına baxmayaraq o, dayanmadan və sürətlə çıxışını bitirməyə çalışıb.

Hakim Z.Ağayev isə V.Əsədovaya xəbərdarlıq edib: "Asta-asta və söz veriləndə danışın. Siz belə danışanda məktəbdə uşaqlar sizi necə başa düşürdü?"

V.Əsədova: "Cənab hakim, mən indi dəmir barmaqlıqlar arxasındayam və təqsirləndirilənəm. Ona görə də həyəcanlıyam".

Məhkəmədə zərərçəkmiş kimi tanınmış qızıl mağazasının sahibi İlham İbişov da ifadə verib.

"Bir xanımın həbs olunmasını istəmərəm"

O, deyib kİ. V.Əsədova satıcılarından 25 minlik qızıl alıb: "Mənim bu işdən xəbərim yox idi. Sonra satıcılar dedi ki, ona nisyə qızıl veriblər, amma pulunu ala bilmirlər. Məndən icazəsiz verdikləri üçün onlara irad bildirdim. 1-2 aya ödəyəcəyini deyib, amma ödəməyib. Sonradan pulun bir hissəsini qaytardı. 15 min borcu qalıb. Bir xanımın həbs olunmasını istəmərəm. Amma fikirləşirəm ki, bu çıxıb, başqalarını da aldadar. Pulun 7 minini keçmişdim. Qalan 8 mini hər ay 1000 manat ödəyəcəkdi. Ancaq onu da etmədi".

Digər zərərçəkmiş Vahid Haşımov da ifadə verib.

O, deyib ki, özünə məxsus torpaq sahəsi və tikilini təcili olaraq satışı çıxaranda alıcı kimi V.Əsədova müraciət edib. Sənədləşdirməni onun adına edəndən sonra pulunu ala bilməyib: "Torpağımın dəyəri 500 min idi. Ancaq təcili olduğu üçün bu məbləğə satdım. Validə dedi ki, sənədləşdirməni edək pulu İlqar Məmmədovdan alıb verəcək. Mən də razılaşdım. Ancaq sonra pulumu ala bilmədim. İndi torpağı İlqarın qohumu Oqtayın adına keçiriblər.

Bunlar məni aldatdı. Bu işləri İlqar təşkil edib. Bu qadını da həbsə saldıran İlqardır. Ancaq bu yenə də İlqarı müdafiə edir. Biz məhkəmədə də vəsatət verəcəyik ki, İlqar barəsində araşdırma aparılsın".

V.Əsədova da İlqar Məmmədov tərəfindən aldadıldığını bildirib.

Təqsirləndirilən müəllimə deyib ki, istintaqı aparan müstəntiq Eldar Abdullayev də onu aldadıb: "Mən Eldar Abdullayevə 25 min dollar pul və qızıllar vermişəm. O, məni aldadıb cinayət işi açıb. Məndən pul aldığını sübut edən səs yazısı da var. Mənə qarşı cinayət işində sübut kimi səs yazıları da göstərilir. Mən də səs yazısı təqdim edərəm ki, müstəntiq məndən pul alıb. O da məsuliyyətə cəlb olunmalıdır".

Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, V.ƏsədovaCinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, V.Əsədova 2015-ci ilin noyabrında həbs olunub. Əvvəl onun soyadı Əbilova olub. Vətəndaşların şikayətindən sonra soyadını dəyişərək Əsədova edib. Ancaq məsuliyyətdən yayına bilməyib./musavat/