» » » Eldar Mahmudovun 13 aylıq azadlığı – o, həbs olunacaqmı?

Eldar Mahmudovun 13 aylıq azadlığı – o, həbs olunacaqmı?

Eldar Mahmudovun 13 aylıq azadlığı – o, həbs olunacaqmı?

lham İsmayıl: "Bu məsələlər Akif Çovdarovla da yekunlaşacaq" Müzəffər Baxış: "Mahmudovun Çovdarovun məhkəməsində iştirakından söhbət gedə bilməz"
17 noyabrda MTN hadisələrinin 13 ayı tamam olur. Bu müddət ərzində mətbuatın və sosial şəbəkələrin vazkeçilməz "qəhrəmanı" ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov oldu.

13 ay ərzində hər kəs Mahmudovun bugün-sabah həbs ediləcəyini düşünürdü. Amma görünən odur ki, çevrəsindəki ən yaxın adamları – "kriminal çetesi" həbs edilən sabiq nazir özünü qoruya bilib.

Məlum hadisələr baş verən gündən indiyə qədər Mahmudov barəsində hər gün yeni-yeni xəbərlər meydana çıxdı. Onun gah Bilgəhdəki bağ evində yaşadığı, gah səhhətinin çox ağır olduğu, gah ölkəni tərk etdiyi, gah da istintaqa cəlb olunduğu, ifadə verdiyi və həbsinə hazırlığın getdiyi deyildi. Hətta onun ölüm xəbəri belə yayılmışdı. Amma o xəbərlərin sonda heç biri təsdiq olunmadı. Amma fakt budur ki, kriminallaşmış nazirliyə rəhbərlik edən sabiq nazir qeybə çəkilib.

Onun nədən həbs olunmadığı, hakimiyyətin Mahmudovun azadlıqda olduğu hər saniyəsinin imicinə zərbə vurduğunu bilə-bilə onu azadlıqda saxlaması Mahmudovla bağlı müəmmaları daha da artırır. Belə iddialar var ki, sabiq nazirin iri ranqlı dövlət məmurları ilə bağlı əlində kifayət qədər komprmentlər olduğuna görə, onu dörd divar arasına salmaq müşkül məsələyə çevrilib. Sabiq nazirin qudası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də 15 il həbs cəzası da aldı. Lakin o özü azadlıqdadır...

Oktyabrın sonlarında məhz MTN hadisələrinə görə vəzifəsindən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işi açılanda, çoxları sabiq MTN rəhbərinin həbsinə doğru əllərin uzandığını düşünürdü. Amma bu dəfə də Mahmudov "kəfəni yırtmağı" bacardı.

Hazırda Mahmudovla bağlı gedən müzakirələrdən biri də MTN hadisələri ilə bağlı həbs edilən keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəməsi ilə bağlıdır. Belə ki, Çovdarovun törətdiyi əməllərdə Mahmudovun əlinin olduğuna şübhə etməyən hər kəs məhkəmədə sabiq nazirin iştirak edib-etməyəcəyini müzakirə edir. Rəhbəri olduğu bir təhlükəsizlik orqanın yüksək rütbəli şəxsi həbs edilirsə, heç şübhəsiz ki, həmin orqanın rəhbərinin də ifadəsi alınır. Amma görünən odur ki, bir aydır davam edən Çovdarovun məhkəməsində hələ də sabiq nazirin ifadə verib-verməyəcəyi məsələsi müzakirə predmeti deyil. Məhkəmə prosesi qapalı olduğuna görə, Mahmudovun ifadə vermə ehtimalları da istisna olunmur.

Sabiq MTN polkovniki İlham İsmayıl Çovdarovun məhkəməsində Mahmudovun adının daha çox hallanmasının səbəblərindən danışdı: "Çünki Mahmudov ideyaverici olub. Amma Eldar Mahmudovun həbs və məsuliyyətə cəlb olunması görsənmir. Çox güman ki, bu məsələlər Akif Çovdarovla da yekunlaşacaq. Ola bilər ki, Çovdarovun ətrafında bir neçə nəfər də getsin. Çünki icraçılar sırasında onların da adı keçir. 13 ay yox, bundan sonra 13 il keçsə də Mahmudovun həbsi mümkün olmayacaq.
Hadisələrin pik nöqtəsində bu həbs baş verməyibsə, proseslər irəliyə doğru getmirsə, demək Çovdarovla yekunlaşacaq. Həbs olunan digər şəxslər olacaqsa, onlar ikinci dərəcəli adamlar olacaqlar. Mahmudovun törətdikləri əvvəlcədən məlum olub. Çovdarov qurban deyil, günahkarlardan biridir, həm də icraedicidir. "Dairəyə düşənlər" bəzən bir, yaxud 2-3 nəfəri qurban verə bilirlər ki, ümumi çevrəyə heç nə olmasın. İmic məsələsini fikirləşməli olsaydılar, başqa addımlar atılardı. Başqa imiclər var, onlar daha çox vacibdir".

Hüquqşünas Müzəffər Baxış sabiq nazirin Çovdarovun məhkəməsində iştirakının qanunsuz olmadığını düşünür: "Çovdarova qarşı konkret cinayət maddələri irəli sürülüb. Əgər o, ibtidai istintaq orqanı tərəfindən dindirilməyibsə, həmin cinayət işində dindirilən şahidlərin sırasında, zərərçəkmişlər arasında Mahmudovun ifadəsi yoxdursa, yaxud məhkəməyə çağırılanlar sırasında da onun adı yoxdursa, o zaman müdafiə tərəfi vəsatət qaldırmalıdır. Vəsatət onun dindirilməsi ilə bağlı ola bilər. Çovdarov və digər təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin hazırlıq iclasında vəsatət qaldıra bilərdilər ki, prosesdə Mahmudov şahid qismində iştirak etsin.

Əgər belə vəsatət yoxdursa, yaxud məhkəmə tərəfindən təmin olunmayıbsa, o zaman Mahmudovun Çovdarovun məhkəməsində iştirakından söhbət gedə bilməz. Ola bilər ki, istintaq orqanı Çovdarova qarşı irəli sürülən cinayət maddələrini sübut etmək üçün əlində kifayət qədər dəlillər olduğuna görə, Mahmudovun ifadəsini zəruri hesab etməyib. Məhkəmədə də bu qaydada olur. Dediklərim varsa, Mahmudovun ifadə verməməsində heç bir qanunsuzluq yoxdur. Burada məsələnin başqa tərəfləri var.

Azərbaycan kiçik ölkədir və hər başa düşür ki, Çovdarov və digər təqsirləndirilən şəxslərin məlum olan və olmayan cinayətləri rəhbərin göstərişi olmadan törətmək qeyri-mümkündür. Əgər rəhbər nazirliyinin adının ləkələnməməsini istəyirsə, o zaman qanunsuzluqla məşğul olan adamı çağırır və ona elə bir zərbə vurur ki, o bir daha yerindən qalxa bilmir. Bütün bunlar onu göstərir ki, bu cinayətlər həmin orqanın rəhbərinin göstərişi ilə icra olunub. Açığı, 30 il hüquq mühafizə orqanları ilə əlaqələrim olan şəxs kimi mənə məlum deyil ki, indiyə qədər nəyə görə Mahmudov həbs olunmayıb. Hətta məlumatlar var ki, o, indiyə qədər bir dəfə də olsun istintaqa ifadə vermək üçün çağırılmayıb. Sadəcə KİV-lərdə müxtəlif mülahizələr irəli sürən insanlar var. Bunları da həqiqət kimi qəbul etmək olmaz".(musavat)