» » » Akif Çovdarov: "10 günə öləcəyəm"

Akif Çovdarov: "10 günə öləcəyəm"

Akif Çovdarov: "10 günə öləcəyəm"

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclas ötən dəfəkilərə nisbətən "vaxtında" başladı. Təqsirləndirilən Akif Çovdarovla vəkili Kamandar Nəsibovun ənənəvi görüşü bitdikdən sonra 11:45-də məhkəmə heyəti zala daxil oldu.

General Akif Çovdarov söz alaraq, vəkillərindən imtina ərizəsini geri götürdüyünü və prosesə 3 vəkillə davam edəcəyini bildirdi. Daha sonra Çovdarov dedi: "24 gündür aclıq edirəm. Bu müddət ərzində 17 kiloqram arıqlamışam. Əgər mənə ixtisaslı həkim yardımı olunmasa, 10 gündən sonra öləcəyəm. Xahiş edirəm, pulunu verdiyim və istədiyim həkimlərin məni müayinə etməsini təşkil edəsiniz".

Çovdarovun yeni vəkili Şahin Rəfiyevin vəkil kimi prosesdə iştirakının bu gündən rəsmiləşdiyini nəzərə alaraq, generalın vəkilləri onun cinayət işi ilə tanış olmasını təmin etmək üçün prosesin təxirə salınmasını istədilər. İnsafən, Şahin Rəfiyev 15-20 gün deyil, "vur-tut" 1 həftə vaxt istədi.

Bu vəsatət qəbul edilmədi. Dövlət ittihamçısı bildirdi ki, həmin məntiqlə hər dəfə prosesə yeni vəkil daxil etmək və prosesi sonsuza qədər uzatmaq olar.

Bugünkü iclas Akif Çovdarovun vəkillərinin bir neçə vəsatəti dalbadal məhkəməyə təqdim etməsi ilə yadda qaldı. Sanki bununla da bir qədər vaxt udmaq istəyərək, vəsatətləri başdan ayağa oxuyan vəkillər təxminən 2 saatı "yeyə" bildilər.

Virtualaz.org xəbər verir ki, ilk vəsatətdə Akif Çovdarovun müdafiəçiləri cinayət işinin ilkin istintaqa qaytarılmasını tələb etdilər və uzun-uzadı siyahı göstərərək, istintaqın gedişində Cinayət-Prosessual Məcəllənin pozulduğunu bildirdilər. Dövlət ittihamçısının cavabı qısa və tutarlı oldu. Belə ki, qanunvericiliyə əsasən, bu cür vəsatət yalnız hazırlıq iclasının gedişində verilə bilərdi və məhkəmə baxışının predmeti deyil. Məhkəmə heyəti müşavirəyə ayrıldı və qayıdaraq, vəsatətin təmin edilmədiyini bildirdi.

İkinci vəsatət Akif Çovdarovun həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə aid oldu. Bu vəsatət də təmin edilmədi.

Üçüncü vəsatətdə generalın həkim müayinəsi və tibbi ekspertizanın keçirilməsi, həmin proseslərdə Çovdarovun dəvət edəcəyi əcnəbi həkimlərin də iştirakı tələbi qoyuldu. Müşavirədən sonra prosesə sədrlik edən Həbib Həsənov vəsatətin qismən təmin edildiyini, yalnız xarici ölkələrdən həkimlərin gətirilməsi hissəsində təmin edilmədiyini bildirdi.

Vəsatət yağışından sonra hakim iclasın fasiləsiz davam edəcəyinə və proses iştirakçılarının bugünlük ac-susuz qalacağına qərar verdi. Bu qərar vəkillərdən tutmuş, zərərçəkənlərə qədər hamını məyus etdi. Məyus olmayan bircə Akif Çovdarov idi. Çünki dediyinə görə, 24 gündür yeyib-içmir. Bu arada qeyd etmək yerinə düşər ki, 24 gün heç bir şey yeməyən adam üçün general bu gün çox fəal idi.

Bu yerdə Akif Çovdarovun "alicənablıq damarı" tutdu. Ayağa qalxaraq dedi: "Cənab hakim, mən bu işin necə yekunlaşacağını çoxdan bilirəm, insanları bu qədər incitmək lazım deyil. Bu uşaqları (özü ilə bərabər təqsirləndirilən 3 idarə rəisini nəzərdə tuturdu – virtualaz.org) da buraxın getsin, hər şeyi mən eləmişəm. Nəyə deyirsinizsə, gətirin imza atım".

Ayağa durmaq demişkən, qeyd edək ki, məhkəmə zalına hakimlər heyəti gələrkən hamı ayağa qalxsa da, Akif Çovdarov bunu özünə rəva görmür.

Hakim sözü dövlət ittihamçısına verdi və 60 səhifəlik ittiham aktının oxunmasına başlandı. Sözün açığı, iclasın bu mərhələsini hamı ehtiyatla gözləyirdi, çünki 60 səhifəlik sənədi oxuyub bitirmək üçün bir neçə saat tələb olunur. Əsəblər tarıma çəkilmişdi.

"Möhtərəm hakim, vəkil məhkəməyə hörmətsizlik edir!" – prokurorun bu sözləri hamını sanki yuxudan oyatdı. Sən demə, vəkil Kamandar Nəsibov "ehtiyat igidin yaraşığıdır" prinsipindən çıxış edərək özü ilə məhkəməyə gətirdiyi "pirojki"ni elə iclas zalında yeməyə başlayıb.

Hakimin qəzəbli reaksiyasına Kamandar Nəsibovun cavabı lakonik oldu: "Fasilə vermirsiniz, acından ölməyəcəyəm ki... Mən də aclıq eləmirəm ki".

Saat 17:40-da bitib-tükənməyən ittiham aktı yarımçıq saxlanıldı və növbəti iclasın tarixi açıqlandı – 21 noyabr./virtual

Akif Çovdarov: "10 günə öləcəyəm"