» » » "İlhamə Quliyeva mənə bıçaq atdı" - YENİLƏNİB

"İlhamə Quliyeva mənə bıçaq atdı" - YENİLƏNİB

"İlhamə Quliyeva mənə bıçaq atdı" - YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə prosesdə Mehriban Hüseynova ifadə verməyə davam edib.

M. Hüseynova İ. Quliyevanın evində baş verən hadisələrdən danışaraq qeyd edib ki, ona səs yazısı göstərib: "Bu vaxt İlhamə Quliyeva əsəbiləşdi və mənə bıçaq atdı. Bıçaq ayağımı kəsdi, ayağım qanadı. İlhamə Quliyeva mənə tapşırdı ki, bıçaqlanmağımı heç kimə deməsin. Orada Vüqarla Orxan məni döydülər. Dedilər ki, məni çılpaq soyundurub, videomu çəkib, internetə verəcəklər. Əl çəkmədilər, məni öldürəcəklərini deyirdilər. Evə gedəndə, İlhamə Quliyeva yoldaşıma zəng edib dedi ki, məni öldürsün, arxasında dayanıb. İki-üç gün sonra İlhamə Quliyeva məni evinə çağırdı, getdim. Mən qapıdan içəri keçən kimi, orada olan Kəmalə mənə iki sillə vurdu, Vüqar və Orxan da orada idi. Vüqar çantamı yerə töküb, içindəki 350 manat pulumu götürdü. İlhamə Quliyeva mənə vurduğu silləyə görə, iki dəfə Kəmalənin əlindən öpdü. Vüqar mənə dedi ki, səni həbs etdirəcəyik. Məni bağışlamaq üçün, dedilər ki, diz çök, üzr istə. Mən də bildirdim ki, İlhamə Quliyevanın qarşısında diz çökürəm, üzr istəyirəm, amma mən heç bir sənədə qol çəkməmişəm, sadəcə, İlhamə Quliyevanı söydüyüm üçün ondan üzr istəyirəm. Belə də etdim. Onlar isə olanları videolentə alaraq, guya mənim cinayət etdiyim haqda etirafedici məlumatlar alıblar".

M. Hüseynova İlhamə Quliyevaya hər hansı dərman vermədiyini, əmlakını ələ keçirmək niyyətində olmadığını deyib.

Sonra M. Hüseynova prokuror və vəkillərin suallarını cavablandırıb.

Məhkəmə prosesi noyabrın 29-da davam etdiriləcək./APA/