» » » Çingiz Abdullayev: "Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik"

Çingiz Abdullayev: "Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik"

Çingiz Abdullayev: "Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik"
"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə keçirilən oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. ucarliyiq.biz Ç.Abdullayevin müsahibəsini təqdim edir.

- Klubdakı son vəziyyətlə bağlı məlumat verərdiniz. İstefaların olacağı deyilir...

- Biz baş verən hər bir məsələ ilə bağlı rəsmi məlumat veririk. Belə şayiələr yayılır. Mətbuatda yazılıb ki, "Neftçi"nin Müşahidə Şurasının üzvləri istefaya göndərilib. Belə bir şey yoxdur. Göndərə bilərlər, ancaq hamısı bir yerdə. Ola bilməz ki, kimsə getsin, digəri qalsın. Bunlar hamısı şayiədir. İstəyirik ki, klubun necə işləməsinə, baş verənlərə yenidən baxaq. Bəzi şeylər var ki, düzgün yazmırlar, təhqir edirlər. Vəli Qasımovun dünən gecə vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Ondan da istifadə edirlər. Bir jurnalist gedib xəstəxanaya, yalandan yazıb ki, orada yoxdur.

Vəli Qasımovun müalicə aldığı xəstəxanaya gedən jurnalist:

- Çingiz müəllim, mən getmişdim, amma tapmadım.

Ç.A: - Gəl mərc edək. Orda olmasa, mən 1000 manat verəcəm. Əgər orada olsa, sən mənə bir manat verib, hər kəsdən üzr istəyəcəksən. Gəl mən sənə maşın verim, gedin baxın.

- Yanlış məlumatların yayılmasında birbaşa klub rəsmilərinin günahı var. Çünki heç kim mətbuata açıqlama vermir və hamı qaçır...

- Bizdə Müşahidə Şurasının və komandanın mətbuat xidmətinin rəhbəri var. Onlardan soruşmaq olar. Mən gizlənirəm ki? Nə vaxt istəsəniz, danışıram. Nə sualınız varsa, soruşun, biz də cavablandıraq. Lap Vəli müəllimin məsələsini hamınız bir yerdə gedib yoxlayın.

- Vəli Qasımovun xəstəxanada olmasına dair heç bir sübut yoxdur. Bizdə yazmağa əsas yaranır...

- Bəhram Bağırzadə bu gün onunla görüşüb. Səhhəti ilə bağlı məlumat alıb. Siz də xəstəxanadan öyrənə bilərsiniz.

- Müşahidə Şurasının son iclasında klubun səhmdarları ilə görüş olacağı bildirilmişdi. Ancaq hələ də heç bir məlumat yoxdur...

- Artıq dünən görüş oldu. Danışdıq və bütün məsələləri dedik. Hamınız vəziyyətin necə olduğunu bilirsiniz. Biz onu necə etməyi, necə düzəltməyi danışmışıq. Yavaş-yavaş hamısını edəcəyik.

- Bununla bağlı rəsmi açıqlama nə vaxt veriləcək?

- Avqustun 27-də 5 saatlıq iclasımız oldu. İstəyirik bəzi islahatlar edək. Xaricə də müraciət etmişik ki, bəlkə peşəkar mütəxəssis gəlib bizə kömək etsin. "Neftçi"də vaxtı ilə işləmiş şəxsləri, veteranları, cavan uşaqları yığıb danışmaq istəyirik ki, bizə necə kömək edə bilərlər. Biz "Neftçi"ni sevmirik? İstəyərik ki, uğursuzluq olsu?

- Amma bu dediyiniz hiss olunmur...

- Son bir ilə baxaq. Hamı yazır ki, "Neftçi" il boyu uduzub. Amma "Neftçi" ötən il finala çıxaq və Avropa Liqasına çıxaq. Elə bilirsiniz finala çıxmaq asandır? Avropaya çıxmaq üçün AZAL-ı keçməli idik və bunu da bacardıq. "Neftçi" Avropada beş dəfə ardarda finala çıxan yeganə klubdur. Düzdür, finalda uduzduq. "Qarabağ" bizdən çox güclü idi. "Neftçi"nin əvəzediciləri hazırda birinci yerdədir. Amma bunu görən yoxdur. Hər bir günahı məşqçidə görürlər. Samiri, Əsgər Abdullayevi işləməyə qoymadınız. İndi də Vəli Qasımovu işləməyə qoymursunuz. İndi Vəli gəlib. Çıxaraq, başqasını gətirək. O zaman həmin baş məşqçi də bir il istəyəcək. Gəlin nəticəyə baxaq, görək necə işləyirlər. Hər şey çıxarmaqla həll olunmur.

- Bu məsələ nə vaxt həll olunacaq?

- Bu gün də, sabah da məsələlərə baxılacaq. Məqsədimiz "Neftçi"nin ilk üçlükdə olmasıdır. Çətin olsa da, bu məqsəd var.

- Ölkə çempionatlarında həmişə çempionluğa oynayan "Neftçi"nin bu il üçlüyə oynaması nə dərəcədə normaldır?

- Biz başa düşürük ki, "Qarabağ" bu gün çox güclü komandadır. İstəyərdik ki, çempion olaq. Ancaq bu pillə-pillə olmalıdır. Komandamız cavandır. Bir az dözümlü olmalıyıq. Niyə heç kim başa düşmür ki, Qurban Qurbanov "Qarabağ"ı 6 il pillə-pillə qaldırdı. Dünən "Qarabağ" AZAL-ı 6:0 uddu, amma 4 il bundan əvvəl AZAL 6:2 hesabı ilə qələbə qazanmışdı.

Bu anda brifinqi kənardan izləyən "Neftçi" azarkeşi Ç.Abdullayevə sual ünvanlayıb: "Çingiz müəllim, utanırıq. Komandanın oyunu yoxdur, komanda çox qarışıqdır".

- Biz də bilirik. Bu gün yığıb hamısı ilə danışmışıq. Demişik ki, biz sizdən oyun oynamağınızı tələb edirik. Demirik qələbə qazanın, amma vuruşun. Kim istəyir qalacaq, kim istəmirsə, qalmayacaq. Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik.

- "Qəbələ"yə keçən Ruslan Qurbanov "Neftçi"nin onunla rəftarından, əşyalarını götürmək üçün bazaya getməsinə baxmayaraq içəri buraxılmamasından danışıb...

- Müşahidə Şurasına təşəkkürünü bildirdi. Onu niyə demirsiniz? Bəzən mübahisələri olub. Məşqçilər də ona deyib k, özünü düzgün aparmırsan. Bazaya buraxılmaması düz deyil. Bizdə qanun var, icazə alıb və bütün əşyalarını götürüb.

- Konkret cavab verməyinizi istəyirik. Səhmdarlarla dünənki görüşdən sonra istefa qərarları qəbul olundu ya yox?

- Xeyr. Heç kəsin istefası yoxdur. Amma konkret deyirəm. Təsisçi ilə bir neçə saat danışdıq və klubda çox ciddi danışıqların olmasına qərar verildi. Bunlar bayramdan sonra olacaq. Heç Qurban bayramına bir gün qalmış adamı işdən çıxardarlar? Bayramdan sonra qərar veriləcək və yavaş-yavaş dəyişikliklər olacaq. Ancaq heç kimi çıxarmayacağıq. Rövnəq Abdullayev demişdi ki, Qurban Qurbanov uduzan kimi hamı "istefa" qışqırırdı. Amma dedi ki, 200 oyun uduzsaq da, Qurbanı istefaya göndərməyəcəm. Biz cəzalandırmağa görə yığışmırıq. Komandanın oynamasına görə bir araya gəlirik. İndi deyirlər komanda pisdir. Bəs onda niyə Robert Prosineçki 3 nəfər milliyə götürülür, legionerlər öz yığmalarına dəvət alır. Hər kəs bəyənir, amma biz yox. Bunlar axı təzə futbolçulardır. Oynasınlar, ondan sonra baxıb qərar verərik. Gəlin soruşun və dəqiq məlumat yazın. Tam məsuliyyətlə deyirəm ki, bir qəpik kənara gedə bilməz. Nə Ermənistan, nə də Gürcüstanda belə klub yoxdur. Biz müstəqil auditi olan yeganə klubuq.