» » » Rəşad Sadıqov:"Necə gözləyirdiksə, elə də oyun keçdi" - MÜSAHİBƏ

Rəşad Sadıqov:"Necə gözləyirdiksə, elə də oyun keçdi" - MÜSAHİBƏ

Rəşad Sadıqov:"Necə gözləyirdiksə, elə də oyun keçdi" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində Çexiya "Slovan"ı ilə keçirdikləri ilk tur matçından sonra brifinq keçirib.

Bərabər hesabla nəticələnən matçda son saniyələrdə bərabərlik qolunun müəllifi olan təcrübəli müdafiəçi ucarliyiq.biz - in da suallarını cavablandırıb.

- İlk olaraq matç haqda fikirlərini bildirərdin...

- Necə gözləyirdiksə, elə də oyun keçdi. Bilirdik ki, rəqib bizi yaxşı analiz edib. Ümumiyyətlə, "Slovan"ın oyun üslubu mərkəzdə güclü pressinq etməkdən, rəqibə hücum qurmaq imkanı verməməkdən və əks-hücumlarda oynamağa çalışmaqdan ibarətdir.

Elə oldu ki, görüş başlayan kimi gözlənilməz qol buraxdıq. Bundan sonra irəli atıldıq və tezliklə bərabərlik qolunu vurduq. Hücumlarımızı azaltmasaq da, tam kəsərli hücumlar alınmırdı. Topa hər iki komanda nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Ancaq ikinci hissə başlayan kimi baş məşqçimizin istəyi ilə irəli atıldıq. Çünki qələbə topunu vurmaq istəyirdik. İmkanlarımızı qaçırdıq. Bundan sonra kobud səhvimizdən qol buraxdıq. Yenə irəli atıldıq və son saniyələrdə hesabı bərabərləşdirə bildik.

- Bəlkə mövqeyini dəyişib hücumçu və ya hücumameylli oynayasan?

- Ona gücüm çatmaz. Yoxsa hər bir futbolçu irəlidə oynamaq istəyər. Ancaq bunu hər adam bacarmaz.

- Bugünkü oyunda Azərbaycansayağı künc zərbəsi uğur gətirə bilərdi...

- Bu, onun bir az başqa formasıdır. Sadəcə, qapıçı o topu çox uğurla çıxardı.

- 2:2 hesablı nəticəni necə dəyərləndirirsən?

- Çox yaxşı. Hesabda 1:2 geridə olduqdan sonra fikirləşdim ki, bizim üçün hər şey bitdi. Əsas rəqiblərimizdən birinə evdə məğlub oluruq və 3 xal irəli buraxırıq. Ancaq buna imkan vermədik. Elə hesab edin ki, həm biz 1 xal qazandıq, həm də rəqib 2 xal itirdi. Bunu nəzərə alsaq, fikirləşirəm ki, yaxşı qurtardıq. Adət almışıq ki, çoxlu qol imkanlarını qaçıraq və çox asan qollar buraxaq. Rəqibin 2 qolundan başqa hansısa kəsərli hücumunun olduğu yadıma gəlmir. Sadəcə, kobud səhvlərimiz oldu.

- Növbəti oyun İtaliyada "Fiorentina”ya qarşı olacaq...

- Bəlkə də qrupun ən çətin səfər matçı olacaq. Yaxşı oynayıb yaxşı nəticə qazanmaq üçün maksimum səylə çalışacağıq.

- Məqsəd qrupdan çıxmaqdırsa, Florensiya səfərində nəticə qazanmaq qarşıda vəzifə kimi duracaq...

- Qarşımızda hədəf qoymamışıq ki, mütləq qrupdan çıxmalıyq. Görürsən ki, belə şeylər həmişə futbolçuları təzyiq altına salır. Qarşımıza qrupdan çıxmaq hədəfi qoyulmayıb. O məqsədi qoyublar ki, hər oyuna yaxşı hazırlaşaq, köklənək və istənilən nəticəni əldə bilək.

- Tofiq Bəhramov adına Respublika stadionunda oynamağı arzuladınız?

- Biz orda oynamaq istəyirdik. Sadəcə, buna icazə vermədilər. Halbuki, indi orada ot örtüyünün durumu əvvəlkinə baxanda pis deyildi. Təəssüf ki, qoymadılar. Ev oyununun əsas üstünlüyü ondadır ki, öz meydanına öyrəncəli olursan. "Dalğa Arena”da da pis oynamadıq. Bəzi elementlər xal itirməyimizə səbəb oldu.

- Çexiya komandalarını fərqləndirən hansı xüsusiyyətlərdir?

- Uşaqlıqdan ən zəhləm getdiyim Çexiya komandalarıdır. Bu il tərslikdən Çempionlar Liqasında, Avropa Liqaısnda və milli komandada çexlərlə düşmüşük.

- Niyə zəhlən gedir?

- Çünki oynamağa imkan vermirlər. Sənin əlini-qolunu bağlayırlar. Özləri də çox yaxşı əks-hücumlara çıxırlar. Onlar bizim kimi komandalara qarşı oynamağa xoşlayırlar.

- "Viktoriya" ilə "Slovan”ı necə müqayisə edərdin?

- "Slovan”a qarşı oynamaq daha çətindir. "Viktoriya” özü də oynayır, sənə də imkan verir. Ancaq "Slovan” oynamağa imkan vermir.