» » » Elxan Abdullayev: "Bütün məsuliyyət baş məşqçinindir" - MÜSAHİBƏ

Elxan Abdullayev: "Bütün məsuliyyət baş məşqçinindir" - MÜSAHİBƏ

Elxan Abdullayev: "Bütün məsuliyyət baş məşqçinindir" - MÜSAHİBƏ
"Neftçi" futbol klubunun baş məşqçisi Elxan Abdullayevin ucarliyiq.biza müsahibəsi

- "Neftçi" Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la qarşılaşacaq. Hazırlıqlar necə gedir?

- Hazırlıq plana uyğun gedir. Srağagün və dünən iki məşqimiz olub, Bu gündən isə bir məşq olacaq. Futbolçularımızdan Vançe Şıkov və Katalin Tira komanda ilə məşqlərə qoşulublar. Murad Ağayev və Elşən Abdullayev isə zədəlidir. Elşənin isə əməliyyat olunma ehtimalı var. Futbolçu hazırda Almaniyadadır və Bakıya qayıtdıqdan sonra müayinədən keçəcək. Əməliyyat olunsa, 3-4 ay oynaya bilməyəcək. Muradın isə gələn tura hazır olma ehtimalı var. Təbii ki, bu həkimlərin qərarından sonra məlum olacaq.

- Komandada psixoloji vəziyyət nə yerdədir?

- Dönüş var. Psixoloji baxımdan yavaş-yavaş irəliləyiş baş verir. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. "İnter"ə qarşı keçirdiyimiz son oyun göstərdi ki, komanda pis oynamadı, amma uduzduq. Bu, futboldur, belə hadisələr olur. Yavaş-yavaş hər şey qaydasına düşəcək.

- Mahir Şükürovla bağlı məsələ nə yerdə qaldı?

- Mahir, sadəcə, bizimlə məşq edir. Xahiş etdi ki, komanda ilə məşq edim, qəbul etdik. "Neftçi"yə gəlməsi barədə söhbət olmadı. Futbolçudur, məşq etməsinə, formaya düşməsinə kömək edirik. Üstəlik, hansı məşqçi istəməz ki, Mahir kimi futbolçunu komandaya götürməsin? Görsəm ki, formadadır, əvvəlki vəziyyətinə qayıdıb, o zaman fikirləşərəm.

- Dünən klubdaxili iclas keçirilib. Nələr müzakirə olundu?

- Müşahidə Şurası ilə görüşmüşdük. Onlar bildirdilər ki, bizə kömək edəcəklər. Baş məşqçi kimi mənə inandıqlarını və dəstəklərini əsirgəməyəcəklərini dedilər.

- Bir müddət əvvəl həmin Müşahidə Şurası komandanın idman nəticələrinə görə, birbaşa məsuliyyət daşımadığını bildirmişdi...

- Bilirsiniz, bütün məsuliyyət baş məşqçinindir. Hər şey nəticədən asılıdır. Hər kəs kömək etsə, yaxşı nəticə ola bilər. Təbii ki, baş məşqçi olaraq komandanın nəticələrinə görə bütün məsuliyyət məndədir.

- "Neftçi" həmişə uğursuz nəticələr göstərəndə, "Sumqayıt" köməyə çatıb. Çoxları "Sumqayıt"ı "Neftçi" üçün "asan yem" adlandırır. Bu baxımdan, qarşıdakı oyundan nə gözləyirsiniz?

- Bu, futboldur. Hər şey ola bilər. Nəticədən asılı olmayaraq, plana uyğun hazırlaşırıq. Bir gündə heç bir şey edə bilmərəm. Əsas məsələ düzgün işləməkdir. Tələsmək lazım deyil. "Sumqayıt" yaxşı komandadır və "Qəbələ"yə qarşı da mübariz çıxış etdi. Biz bütün oyuna qələbə üçün çıxırıq. Çünki bu "Neftçi"dir. Hazırda əsas məsələ nəticə deyil, komandada oyun qurmaqdır.

- Araz Abdullayevi bir çoxları liderliyə, kapitanlığa layiq saymır. Siz necə düşünürsünüz?

- Bilmirəm niyə belə düşünürlər?! Arazdan narazı deyiləm. O, intizamlı futbolçudur və yaxşı məşq edir. Öz üzərində işləyir, çalışır. kapitanlığa qaldıqda, hər kəsə bir sual verim: Kimi görürsünüz kapitan? Siz təklif edin, fikirləşək. Bizdə komandanın 80 faizi təzə futbolçudur. Kapitan təcrübəli əsas heyət oyunçusu, milli üzvü olmalıdır. Lider keyfiyyətlərini daşımaldr. Bunlar da Arazda var. O, yaxşı futbolçudur.