» » » Vaqif Cavadov: "Mənə stimulu Prosineçki yox, ailəm verir" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Mənə stimulu Prosineçki yox, ailəm verir" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Mənə stimulu Prosineçki yox, ailəm verir" - MÜSAHİBƏ
"Neçə illər ərzində yığmanın şərəfini qorumuşam. Köməyim lazım gəlsə, yenə gəlib oynayacağımı bir daha bəyan edirəm".

ucarliyiq.biz xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Vaqif Cavadov səfərdə "Neftçi"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirdiyi brifinqdə deyib.

"Sumqayıt" klubunun 27 yaşlı yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

Çempionatda bu mövsüm ilk qələbənizi qazandınız. Oyun necə alındı?

- Çox maraqlı oyun oldu. Hər iki komanda turnir cədvəlində istənilən yerdə olmadığından, qalib gəlmək istəyirdi. Amma bizdə istək daha çox olduğu üçün qələbə qazandıq. Yalnız öz komandam barədə danışa bilərəm. Biz çox çalışdıq, vuruşduq, bir olduq və qalib gəldik. Rəqib haqda danışmaq istəmirəm. Sadəcə, uğurlar arzulayıram.

Robert Prosineçki də oyunu izləyirdi. Bu, sizə əlavə stimul verirdi?

- Stimulu mənə, sadəcə, ailəm, komandam və özüm verirəm. Çünki meydana çıxanda həmişə vuruşmuşam ki, komandam yaxşı oyun sərgiləyərək qalib gəlsin. Həmçinin, bu oyunda.

Prosineçkidən yeni dəvət gözləyirsiniz?

- Belə suallar çox verilir. Həmişə can-başla millidə oynamışam. Neçə illər ərzində yığmanın şərəfini qorumuşam. Köməyim lazım gəlsə, yenə gəlib oynayacağımı bir daha bəyan edirəm.

"Neftçi"nin hazırkı vəziyyəti qələbənizdə rol oynadı?

- Deməzdim. "Neftçi" - hər zaman "Neftçi"dir. Sadəcə, "Sumqayıt" bu gün güclü idi. Bunu da sübut etdi.

Bəs "Qəbələ" ilə əvvəlki oyunda xalsız qalmağınızda hakimlərin rolu nə qədər oldu?

- Hakimlərdən çox danışırıq. Yenə də nəsə deməyimiz boş-boş söhbətlər olacaq. Üç xalımızı qaytaran olmayacaq. Sadəcə, həm "Qəbələ", həm də "Neftçi"yə uğurlar arzulayıram.