» » » Nağı Səfərov: "Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"

Nağı Səfərov: "Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"

Nağı Səfərov: "Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"
"Sotomayor sabah Bakıya qayıdır və onun ölkədən 1 milyon dollar çıxardığına dair xəbərlər həqiqətə uyğun deyil".

Bunu ucarliyiq.biza açıqlamasında Azərbaycan Boks Federasiyasının baş katib Nağı Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 64 kq çəki dərəcəsində gümüş medal qazanmış Lorenso Sotomayorun bir müddət əvvəl 1 milyon manatla Azərbaycandan ölkəsi Kubaya qayıtdığına dair xəbərlərə münasibət bildirərkən deyib.

N.Səfərov kubalı legionerin bu qədər vəsaiti Azərbaycandan kənara aparmasının qanunla qeyri-mümkün olduğunu bildirib: "Azərbaycan qanunlarına əsasən, heç kəs ölkədən 10 min dollardan artıq pul apara bilməz. Axı Sotomayor bir milyonu necə çıxara bilər? Bundan əlavə, Sotomayora bir milyon verilməyib ki, aparsın. Heç olimpiya çempionuna o qədər pul verilmir. Bu, reallığı əks etdirmir və belə xəbərlərə fikir vermək lazım deyil".

Baş katib nəinki Sotomayorun, "Rio-2016"da çıxış etmiş boksçulardan heç birinin hələ karyerasını başa vurmaq istəmədiyini deyib: "Bir dəfə Alber Səlimov belə bir söz demişdi. Yaşla əlaqədar getmək istədiyini bildirmişdi. Amma hələ dəqiq heç nə yoxdur. Azərbaycanlı idmançıların zəif olduğu çəkidə legionerə ehtiyac duyulur. Bizdə də Məhəmmədrəsul Məcidovun çəkisi elə idi. Ümumiyyətlə bütün dünyada ağır çəkili boksçular çətin tapılır".

Federasiya rəsmisi baş məşqçi Pedro Rokun yığmadakı aqibəti barədə də danışıb: "Təxminən 10 günə bu barədə qərar veriləcək. Baş məşqçi ilə yollar ayrıla da bilər. Ola bilsin, getməsinlər, qalsınlar. Hər olimpiya tsiklində baş məşqçi ilə yeni müqavilə bağlanılır. İndi necə olacaq, müqavilə imzalanacaq, ya yox, buna qərar veriləcək".

Qeyd edək ki, kubalı Pedro Rokun rəhbərliyi altında Azərbaycan boksçuları "Rio-2016"da 2 medal qazanıb. Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib olub.