» » » "Kəpəz"in futbolçusu: "Ən pis nəticəmiz AZAL-la oyun oldu"

"Kəpəz"in futbolçusu: "Ən pis nəticəmiz AZAL-la oyun oldu"

"Kəpəz"in futbolçusu: "Ən pis nəticəmiz AZAL-la oyun oldu"
"Çempionat maraqlı keçir, ilk dövrədə futbolda olan hər 3 nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil".

ucarliyiq.bizun məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Serjio Kosta klub saytına müsahibəsində deyib.

Portuqaliyalı futbolçu geridə qalan 7 turda daha çox xal toplamaq imkanlarının olduqlarını bildirib: "Xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədir. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdır. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq. Azərbaycana gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir, Azərbaycana gəldiyim üçün peşman deyiləm".

Kosta "Kəpəz"də hər şeyin ürəyincə olduğunu söyləyib: "Burada hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldır. Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədir. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var".

Futbolçu komanda yoldaşları Dario Frederiko və Alveslə daha yaxın olduğunu deyib: "Komandada hamının bir-biri ilə münasibəti yaxşıdır, futbolçular əla kollektivin bir hissəsidirlər. Biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdir Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orada yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub".