» » » Qışda Antalyada toplanış keçəcək komandaların sayında yenə azalma müşahidə olunur

Qışda Antalyada toplanış keçəcək komandaların sayında yenə azalma müşahidə olunur

Qışda Antalyada toplanış keçəcək komandaların sayında yenə azalma müşahidə olunur
Cari mövsümün qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq komandaların sayı o qədər də çox olmayacaq. ucarliyiq.bizun məlumatına görə, bu barədə Türkiyə İdman Turizmi Birliyinin prezidenti Ferit Turqut yerli mətbuata açıqlamasında bildirib.

O, Rusiya və Türkiyə arasında yaranan siyasi gərginliyin futbol turizminə böyük zərər vurduğunu deyib. F.Turqut bildirib ki, qışda Antalyaya üz tutacaq komandaların sayı 50% azalacaq: "2015-ci ilin əvvəllərində Antalyaya təxminən 2 500 komanda gəlib. Nəticədə Antalya 100 milyon avro əldə edib. Ancaq bu il Rusiya və onun ətrafındakı ölkə komandaları toplanış üçün bizi seçməyib. 2016-cı ilin qışında təxminən 1 600 komanda hazırlığı burada keçib. Nəticədə gəlir 50 faiz azalıb".

F.Turqut 2017-ci ilin yanvar - aprel ayları üçün rezervasiyalardan da danışıb. O, siyahıda Azərbaycanın da yer aldığını bildirib: "Təxminən 500 komanda artıq rezervasiya edib. Bu siyahıda MDB ölkələrindən Azərbaycan, Tacikistan, Qırğızıstan, Moldova, Özbəkistan, həmçinin Balkan yarımadası ölkələri var. Noyabrın 15-dək daha 500 komandanın rezervasiya edəcəyini gözləyirik. 2017-ci ildə Antalyaya 1000-ə yaxın komandanın gəlişi, 30 milyon avro gəlir gözlənilir. Bu isə əvvəlki illərlə müqayisədə azdır".

Birlik rəhbərinin sözlərinə görə, Türkiyədə yaşanan terror hadisələri, çevriliş cəhdi Avropa klublarının da Antalyaya olan marağının kəskin azalmasına səbəb olub: "Almaniya, Belçika, Hollandiya və Skandinaviya ölkələrindən yox deyiləcək qədər az sayda komanda Antalyaya gələcək. Rezervasiya müddəti olan avqust-sentyabr ayları problemli oldu. Sentyabrın 15-dək olan hadisələri, çevriliş cəhdini digər ölkələrin nümayəndələrinə izah etmək problem oldu. Təhlükəsizlik səbəbindən geri çəkildilər. 2017-ci ilə xeyli zəif rezervasiyalarla başladıq. Almaniyadan demək olar ki, heç kim gəlməyəcək. Rusiya çempionatından 4-5 klub Antalyanı seçib. Rusiyanın aşağı liqasından isə heç bir rezervasiya yoxdur. Bunun da səbəbi dinc və təhlükəsiz şəraitdən şübhə etmələridir. Bu il Bundesliqadan heç kim yoxdur. Bəzi həvəskar komandalar rezervasiya edib. Ötən il bir neçə partlayış hadisəsi əhval-ruhiyyə və motivasiyanı aşağı salmışdı. Son hadisələrdən sonra isə burada toplanış keçməyə soyuq baxırlar. Əvəzində Portuqaliya, İspaniya, Cənubi Kipr, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rezervasiyaların olduğu görünür".