» » » Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"

Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"

Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"
"Hamımız bu oyunun bizim üçün nə dərəcədə əhəmiyyətli olduğnu anlayırıq və hər şeyin yaxşısını etməyə çalışmalıyıq. Baxmayaraq ki, heyətdə itkilər var, amma oyuna hazırıq. Hamı ilə söhbətimiz olub və rəqibi ətraflı analiz etməliyik. Rəqib hələ məğlub olmayıb. Sabah ən yaxşı nəticə üçün ən yaxşısını etməyə çalışacağıq".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının J qrupunda Yunanıstan PAOK-u ilə keçirəcəkləri III tur oyunundan öncə mətbuat konfransında deyib.

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Son 13 oyunda bir məğlubiyyəti olan PAOK səfər oyunlarının heç birində uduzmayıb. "Qarabağ" nəyin sayəsində rəqibə yerini göstərə bilər?

- Futbol elə oyundur ki, məğlubedilməz komanda yoxdur. Hər bir komandanın pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Bu oyunda qələbə bizə daha çox lazımdır. Hər bir varianta əl atacağıq ki, rəqibin üstün tərəflərinin qarşısını alaq. Nə qədər alınacağını deyə bilmərəm.

- Azərbaycanda çıxış etmiş Fakundo Pereyranın rəqib düşərgədə olması "Qarabağ"ın xeyrinədir, yoxsa bunun önəmi yoxdur?

- "Önəmi yoxdur" desəm düz olmaz. İndi elə bir sistem qurulub ki, baş məşqçi lazım bilsə, istənilən məlumatı öyrənə bilər. Hər il komandada yeniliklər, oyun sistemində dəyişikliklər olur. Fikrimcə, hər bir məşqçi üçün yeni məlumat daha faydalıdır.

- Rəşad Sadıqovun vəziyyəti necədir?

- Açığı, onun sabah oynayıb-oynamayacağını deyə bilmərəm. Təkcə dünən fərdi qaydada məşq edib. Komandada olan itkilərə görə onun oynamaq ehtimalı çoxdur. Baxmayaraq ki, Rəşad sabahkı oyuna tam hazır deyil, amma ola bilsin risk edib onu meydana buraxım. Bunun üçün həkimlərlə və Rəşadın özü ilə danışmaq vacibdir. Hələ son qərar verməmişəm.

- Oyuna 7 000 bilet satılıb. Azarkeşlər niyə fədakarlıq göstərmir?

- Azarkeşlərdən həmişə razı qalmışam. Sayları az da, çox da olanda bizimlədirlər. Düşünürəm ki, stadionda olmayan azarkeşlər də bizimlə olur və sabaha qədər azarkeş sayı artacaq. Həmişə istədiyimiz olmur. Çalışacağıq ki, onların hamısını stadiona qaytaraq və bizimlə olsunlar.

- Qeyd etdiniz ki, hər bir vasitədən istifadə edəcəyik. Buraya ev tapşırıqları daxildir?

- Hamısını demək istəmirəm. Amma hamısından istifadə edəcəyik. Rəqib ciddi komandadır. Yunanlar xarakter göstərən millətdir. Bu komandaya qarşı özümüz də xarakter göstərməliyik. Bəlkə sabah meydanda gözəl oyundan çox yaxşı mübarizə olsun.

- Stadionda vəziyyət necədir?

- Yüz faiz hazır deyil. Bizim oynama vaxtımız ayın sonunda olmalı idi. Proqnozlaşdırılmışdı ki, bizim oyundan sonra kiçik problemlər ola bilər. Amma mütəxəssislərlə də bunu danışmışıq. Qorumağa çalışırıq. Havadan da çox şey asılı olacaq. Ancaq çox ciddi problem olacağını düşünmürəm.

- "Qarabağ"ın qələbəyə daha çox ehtiyacı var. Sabahkı oyunda meydana iki hücumçu çıxa bilər?

- Bu sual mənə çox verilir. Ancaq bəzi oyunlarımızda ön xətdə 5, 6, bəzən də 3 futbolçu olur. Daha çox öz sistemimizdən kənara çıxmamağa çalışırıq. Oyunun gedişatında lazım olsa, hər hansı dəyişiklik ediləcək.

- Millidə çıxış edən döyüşkən ruhlu futbolçuları sabah da meydanda görə biləcəyikmi?

- İnanmıram ki, bizdə döyüş ruhu olmayan futbolçular var. Futbolda idman xarakteri olmasa, nəticə vermək çox çətindir. Sadəcə, inam olmalıdır. Milli komandada olan futbolçuların üstünlüyü odur ki, oyun praktikaları daha çoxdur.

- Elvin Yunuszadəni bağışlamısınız?

- Həyatda bağışlamışam. Amma futbolda artıq bağışlamışam. Dünən komanda ilə ilk məşqini etdi. Yəqin ki, sabah o da oyunda olmayacaq.