» » » Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
Bu gündən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür. ucarliyiq.bizun məlumatına görə, oktyabrın 30-dək davam edəcək yarışda Azərbaycan 6 çəkidə 12 cüdoçu ilə təmsil olunur.

60 kq çəki dərəcəsində yer alan Mehman Sadıqov ilk görüşünü almaniyalı Filip Qrafa qarşı keçirəcək. Eyni çəkidəki Oruc Vəlizadənin rəqibi isə fransalı Vensan Manke olacaq. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan qoşulacaq.

66 kq-da İlqar Müşkiyev və Vüqar Şirinli mübarizə aparacaq. Müşkiyevin rəqibi moldovalı Denis Vyeru olacaq. Şirinli isə portuqaliyalı Sergey Oleyniklə üz-üzə gələcək.

73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. Orucovun 1/8 finalda rəqibi olmadığından, o mübarizəyə 1/4 final mərhələsindən start verəcək. Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda Orucovla görüşməlidir.

81 kq çəkidə Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.

90 kq çəkidə Tural Səfquliyev 1/8 finalda Seyşel adalarını təmsil edən Nantenayna Finess ilə münasibətlərinə aydınlıq gətirəcək. Qalibin növbəti mərhələdəki rəqibi serbiyalı Aleksandr Kukol olacaq. Bu çəkidə yarışacaq digər idmançı Firudin Dadaşovun rəqibi isə serbiyalı Nemanya Maydovdur.

100 kq çəkidə Elxan Məmmədov və Cəlil Şükürov yarışacaq. Dünya çempionu Məmmədov mübarizəyə 1/4 finaldan qoşulacaq. Onun ilk rəqibi qazaxıstanlı Aybek Serikbayev və pakistanlı Vayahat Sarvar arasında keçiriləcək görüşün qalibi olacaq. Şükürov yarımfinala yüksəlmək üçün xorvatiyalı Zlatko Kumriçi yenməlidir.

Proqrama əsasən, bu gün 60 kq və 66 kq, sabah 73 kq və 81 kq, oktyabrın 30-da isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 154 min dollardır. "Böyük Dəbilqə"də 34 ölkədən 157 cüdoçu itirak edəcək. Onlardan 96-sı kişi, 61-i isə qadındır.