» » » Azərbaycan karateçisi Rafael Ağayev beşqat dünya çempionu olub

Azərbaycan karateçisi Rafael Ağayev beşqat dünya çempionu olub

Azərbaycan karateçisi Rafael Ağayev beşqat dünya çempionu olub
Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində keçirilən 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.

ucarliyiq.biz xəbər verir ki, finalda misirli rəqibini 4:1 hesabı ilə məğlub edən Rafael Ağayev (-74 kq, şəxsi məşqçisi Fizuli Musayev) 5-ci dəfə dünya çempionu olmaqla karate aləmində yazdığı tarixi yeniləyib.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistanlı rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Karatenin canlı əfsanəsi çempionatın son günü komanda yarışlarında Fransa idmançılarına qarşı da tatmi üzərinə çıxacaq.

Gənclər arasında dünya çempionu Ayxan Mamayev (-84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) təəssüf ki, bu nəticəsini böyüklərin yarışında təkrarlaya bilməyib. O, finalda yaponiyalı idmançıya 0:5 hesabı ilə məğlub olub.

Avropa Oyunlarının ilk qalibi kimi tarixə düşmüş Firdovsi Fərzəliyev (- 60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) isə finala çıxışda hakim haqsızlığıyla üzləşsə də, mərakeşli idmançıyla bürünc medal uğrunda görüşü qələbəylə başa vurub. Hesab açılmasa da, hakimlər daha fəal olan və hücumlara meylli F.Fərzəliyevin xeyrinə qərar veriblər.

İlk mükafatlar gününün nəticəsinə əsasən, Azərbaycan medal qazana bilən 25 ölkə arasında dünyada 5-ci, Avropada isə 2-ci yeri tutub. Yarışda 118 ölkədən 1025 idmançı iştirak edir.

30 oktyabrda komanda görüşləri ilə dünya çempionatına yekun vurulacaq. Bürünc medal görüşünə çıxan milli komandamızın rəqibi Fransa karateçiləri olacaq.