» » » Rafael Ağayev: "Həyatda iki arzum olub: - futbolçu olmaq və filmə çəkilmək" - MÜSAHİBƏ

Rafael Ağayev: "Həyatda iki arzum olub: - futbolçu olmaq və filmə çəkilmək" - MÜSAHİBƏ

Rafael Ağayev: "Həyatda iki arzum olub: - futbolçu olmaq və filmə çəkilmək" - MÜSAHİBƏ
Azərbaycanın karate ürzə 5 qat dünya çempionu Rafael Ağayev brifinq keçirib.

Təcrübəli idmançı ucarliyiq.bizun da suallarını cavablandırıb...

- Avstriyanın Lints şəhərində keçirilmiş dünya çempionatında hansı döyüşləriniz çətin və yaddaqalan oldu?

- Döyüşlərim çox çətin keçdi. İlk rəqibim macarıstanlı idi. Onunla son Avropa çempionatında 3-cü döyüşümdə üz-üzə gəlmiş və 1:0 hesablı qələbə qazanmışdım. Bu dəfə isə hesab 3:2 mənim xeyrimə oldu. Ümumilikdə 6 görüşümdə 2 xalı elə bu görüşdə buraxdım. Üçüncü görüşümdə ermənini məğlub etdim. Bu, həm asan, həm çətin, həm də məsuliyyətli idi. Döyüşə nəinki qələbə, hətta rəqibimi parçalamaq üçün çıxmışdım.

Ən çətin görüş isə yarımfinalda oldu. Rəqib çox gənc yaşlarında olan iranlı idi. Son zamanlar elə gənc rəqiblərlə üz-üzə gəlirəm. Bu rəqibimi də 3:0 hesabı ilə yendim. Amma görüş başlayanda gözümdən zədə aldım. Demək olar ki, rəqibi iki görürdüm. Bu səbəbdən, məsafəni düzgün müəyyənləşdirə, rəqibi qarşılaya və ya hücum edə bilmirdim. Lakin qələbə qazanmağı bacardım.

Bundan 3 gün sonra final görüşüm oldu. Həlledici qarşılaşmada misirli karateçi ilə qarşılaşdım. Ona 4:1 hesabı ilə qalib gəldim. Hesabda 0:1 geridə idim. Ancaq sonradan özümdə güc toplayaraq, qələbə qazanmağı bacardım. Bir daha nəinki hamıya, özümə də sübut edim ki, karatedə Rafael Ağayev var, yaş rol oynamır.

İnsan həyatda nəsə istəsə, ona nail ola bilər. Çox xoşbəxtəm, çox sevinirəm. Qələbəmi Azərbaycan xalqına, ailəmə həsr edirəm. Düşünürəm ki, bundan sonra da qələbələrimiz olacaq. Dünən vətənə qayıtmışıq, bu gün istirahət edirəm, sabah yenidən məşqlərə yavaş-yavaş başlayacağam. Çünki mənə uduzan rəqiblər artıq məşq edirlər.

- İranlı döyüşçü ilə görüşünüzü həkimlər zədə üzündən dayandırmışdılar...

- Bəli. Döyüş başlayandan 15-20 saniyə sonra zədə aldım. Həkimlər döyüşü saxlamaq istədilər. Məndən soruşdular. Dedim ki, döyüşəcəyəm. Bundan sonra çətinliklə sonadək mübarizə apardım. Demək olar ki, görmürdüm. Ancaq yenə də güc topladım.

- Xarakter göstərdiniz...

- Əlbəttə! Fikrimcə, peşəkar idmançıda il növbədə, beyin, ağıl işləməlidir. İkinci ürək, üçüncü də kişi xarakrteri olmalıdır. Nəinki məndə, bütün millətimizdə bu xarakter var. Hər şey yaxşı olacaq.

- Hansı ölkəyə gedirsinizsə, orada sizə xüsusi maraq olur. Qeyri-olimpiya növündə çıxış edən idmançıya bu qədər sevgi sizi təəccübləndirmir?

- Düzü, "Bakı 2015" I Avropa Oyunlarının qalibi olandan sonra Azərbaycanda nisbətən tanınmışam. Buna qədər Avropada və dünyada daha çox tanınırdım, nəinki Vətənimdə. Adi vətəndaşdan, xaricidən Rafael Ağayevi soruşanda məni tanıyırlar. Artıq Azərbaycanda da, dünyada da tanınıram. Bir tərəfdən xoşbəxtəm. Digər tərəfdən, üzərimə daha böyük məsuliyyət düşür. Hər yarışa daha yaxşı hazırlaşıb çıxış etməliyəm ki, düşmənlərimə danışmağa yol verməyim. Karatenin yaradıcısı Yaponiya məni dəvət edir ki, gedib orada dərs keçim. Bu, mənim üçün müsbət haldır, xoşbəxtlikdir. Qələbələrimiz bundan sonra da olacaq.

- Karatenin vətənində keçiriləcək növbəti olimpidiadada - "Tokio-2020"də qalib gəlmək çətin olacaq. Həm yaş, həm də fiziki hazırlıq sözünü deyəcək. Bu, çətinlik yaratmayacaq?

- Hələ ki yox. Dünya çempionatında 100 idmançıdan vur-tut 20-i zəif olur. Ancaq burada cəmi 10 idmançı olacaq. Onun da 2 lisenziyası artıq qazanılıb. Çünki biri ev sahibinə - Yaponiya idmançısına veriləcək. Digəri isə güzəştli kartla olacaq, ən zəif ölkələrdən birinə veriləcək. Həmin olimpiadaya lisenziya uğrunda mübarizəyə 2018-ci ildən sonra başlayacağıq. Düzdür, yaş öz sözünü deyir. Rəqiblər güclü olsa da, biz də hədiyyə deyilik. Çox idmançı istəyir ki, olimpiadada da iştirak etsin. Ancaq mən nəinki iştirak hüququ, hətta qızıl medal qazanmaq istəyirəm. Yəqin ki, bundan sonra idmanla vidalaşaram. Ancaq karate mənim həyatımdır. Son nəfəsimizədək karatedə qalacağıq.

- Xaricdə hansısa bir klubun üzvü olmaq fikriniz yoxdur ki, rəqabətə davam gətirəcəksiniz?

- Hazırda "Qəbələ" klubu ilə müqaviləm var. Dubaydan "Əl-Əhli" klubu istəyir ki, mənimlə müqavilə imzalasın, məni transfer etsin. Klub səviyyəsində dəyişiklik ola bilər. Ancaq təbii ki, yığmada Azərbacanı təmsil edirəm. Bir sirr də var ki, karate olimpiada proqramına düşəndən sonra bir ölkədən baş məşqçilik təklfii almışam. Ancaq hələ ki "yox" demişəm. Çünki vuruşuram.

- "Əl-Əhli"yə nə cavab vermisiniz?

- Gələn ay mənimlə görüşmək istəyirlər. Ancaq hələ görüşməmişik. Qarşıda seminarım var. Gedib-gələndən sonra qərarımı verəcəyəm.

- Cəlbedici təklifdir?

- Cəlbedici deyəndə ki təklifdir də. Yaxşı klubdur, orda da ən azı 2-3 dünya çempionu var. Bu barədə hələ fikirləşəcəyəm.

- Karyeranıza son qoymamışdan öncə filmə çəkilmək təklifi almamısınız?

- Əslində, filmdə iştirak etmək istəyirəm. Bu, öz istəyimdir. Həyatda iki arzum olubsa, biri futbolçu olmaq, digəri filmə çəkilməkdir. Hələ ki Azərbaycandan bu təklifi almamışam. Bir dəfə "Qorxma, mən səninləyəm-2'" filmində bir epizodda rol oynamışam. Bu yaxınlarda rejissorlardan belə təklif gələrsə, çəkilərəm.

- Beynəlxalq markalarla reklam müqaviləsi təklifi gəlibmi?

- "Adidas"la 2 illik müqaviləm var. Buna əsasən, hər yarışda onun geyimlərində oluram. Müqaviləni uzatmaqla bağlı yenidən təklif aldım. Fransada "Adidas"la müqaviləm var. Anlaşma 2 il də artırılsa, 4 illik olacaq.

- Onlar bu təklifə gedirlər?

- Bəli. Mən hələ finala çıxanda bu təklifi etmişdilər. Gələn ay müqaviləm bitir. Onlarla danışacağam. Yəqin ki, yanvarda müqaviləni uzadacağam.

- Deyəsən, sizin sayənizdə "Adidas" bütün milli komanda ilə müqavilə imzalayıb...

- Bir ara belə oldu. İki yerdən müqavilə ilə bağlı təklif aldım. Biri "Arabaza", digəri İspaniyadan başqa firmadan. Ancaq imtina etdim. Çünki "Adidas"la müqaviləm var.