» » » Maykl O Nil: "Azərbaycan yığması da qrupu ilk 2 pillədə bitirmək üçün ciddi addımlar atacaq"

Maykl O Nil: "Azərbaycan yığması da qrupu ilk 2 pillədə bitirmək üçün ciddi addımlar atacaq"

Maykl O Nil: "Azərbaycan yığması da qrupu ilk 2 pillədə bitirmək üçün ciddi addımlar atacaq"
"Biz futbola böyük məbləğdə sərmayə qoyan ölkənin komandası ilə qarşılaşacağıq. Bakının 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının keçiriləcəyi şəhərlərdən biri olması da bundan xəbər verir".

ucarliyiq.bizun məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl O Nil Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli mətbuata açıqlamasında deyib.

47 yaşlı mütəxəssis Azərbaycan klublarının daha da gücləndiklərinə diqqət çəkib, Çempionlar Liqasında mərhələ adladıqlarını, Avropa Liqasında isə 2 komandanın qrup mərhələsində oynadığını xatırladıb: "Onlar vaxtaşırı ölkə xaricinə baş məşqçi tapmaq üçün üz tutublar. Əvvəllər yığmaya Berti Foqts rəhbərlik edirdisə, indi bu vəzifədə Robert Prosineçki çalışır. Yəni, rəqibimiz çox ambisiyalıdır. İstəyirlər ki, irəli getsinlər. Buna görə də Azərbaycana qalib gəlmək gücündə olmalıyıq".

Maykl O Nil bildirib ki, komandası noyabrın 11-də doğma meydanda qələbə qazana bilsə, turnir cədvəlində vəziyyətini yaxşılaşdıracaq: "Bu, bizim hədəfimiz olmalıdır. Qələbə seçmə tsiklin ikinci hissəsi üçün bizə böyük impuls verə bilər. Bu, açar oyun olmayacaq. Amma fasiləyə yaxşı əhval-ruhiyyədə çıxa və gələn il keçirəcəyimiz qalan matçlarda yolumuza davam edə bilərik. Rəqibə ciddi yanaşmasaq, bizə problem olacaq. Qrupda ikinci yer uğrunda mübarizədə əslində əsas təhlükə mənbəyi kimi Çexiya və Norveçi görürdük. Amma onlar növbəti rəqibimizlə görüşdə xallar itirdilər. Azərbaycan da qrupu ilk 2 pillədə başa vurmaq üçün ciddi addımlar atacaq. Bu səbəbdən, problemlə üzləşəcəyik".

Baş məşqçi Azərbaycan yığmasının həm ev, həm də səfər matçlarında meydanın dərinliklərindən oynadığını, əks-hücumlarda isə böyük təhlükələr yaşatdığını vurğulayıb: "Rəqibimizin oyunlarını izləmişik. Çox yaxşı müdafiə olunurlar. Bunu 3 oyunda qapılarını toxunulmaz saxlamaları da sübut edir. Bu baxımdan, gərgin və sərt mübarizə şəraitində keçəcək oyunda dözümlü olmalıyıq".

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.