» » » Ruslan Qurbanov: "Qrupda ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Ruslan Qurbanov: "Qrupda ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Ruslan Qurbanov: "Qrupda ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"
"Bacardığımız hər şeyi etdik. Fasilə ərəfəsində qapımızda ilk qolu gördük. İkinci hissədə isə rəqib daha bir qol vuraraq, qələbəni təmin etdi".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Fransa "Sent Etyen"inə Bakıda 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

25 yaşlı hücumçu özləri ilə yanaşı, hakimlikdən də şikayətlənib: "İndi nə isə danışmaq üçün gecdir. Baş hakim fasilə ərəfəsində yaşanan epizodda fit çalmamalı idi. Özümüz də həmin an qol buraxmamalı idik. Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma təəssüf ki, belə alındı. Bu, futboldur".

Qurbanov hücum xəttində Baqali Dabosuz oynamağın çətin olduğunu da vurğulayıb: "Əlbəttə, itki hiss olunur. Dabo yaxşı oyunçudur. Amma inanıram ki, tezliklə bərpa olunaraq, sıralarımıza qoşulacaq".

"Sent Etyen"lə görüşdə "Qəbələ"nin yeganə qolunun müəllifi mərkəz hücumçusu kimi oynamasının ona nə qədər çətin olması barədə danışmaq istəməyib. Amma o, etiraf edib ki, sol və ya sağ cinahda daha yaxşı çıxış edir. Bununla belə, Qurbanov baş məşqçi Roman Qriqorçukun qərarına uyğun oynadığını əlavə edib: "Əsas odur ki, Qriqorçuk razı qalsın".

Hücumçu Avroliqadakı son 2 matçda mümkün qədər çox xal yığmağa çalışacaqlarını söyləyib: "Qrup mərhələsində ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".