» » » Millinin futbolçusu: "Belfasta yaxşı nəticə dalınca gəlmişik və bunu həyata keçirməliyik" - MÜSAHİBƏ

Millinin futbolçusu: "Belfasta yaxşı nəticə dalınca gəlmişik və bunu həyata keçirməliyik" - MÜSAHİBƏ

Millinin futbolçusu: "Belfasta yaxşı nəticə dalınca gəlmişik və bunu həyata keçirməliyik" - MÜSAHİBƏ
Belfast. 9 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovun ucarliyiq.bizun Şimali İrlandiyaya ezam olunmuş əməkdaşına müsahibəsi...

- Şimali İrlandiya yığması ilə qarşıdakı oyun öncəsi əhval-ruhiyyəniz necədir?

- Nikbin əhval-ruhiyyədəyik. Matça ciddi hazırlaşırıq. Çoxları bizdən müsbət nəticə gözləyir. Belfasta yaxşı nəticə dalınca gəlmişik və bunu həyata keçirməliyik. Ona görə də Azərbaycan xalqı bizə daha çox inansın. Bir tərəfdən xoşdur ki, çoxları bizdən qələbə gözləyir. Səfər matçı çətin olacaq. Rəqibimiz "ikinci mərtəbə”də güclüdür. Ancaq baş məşqçimiz bizə onlara qarşı necə oynamaqla bağlı göstərişlərini verəcək. İnanıram ki, Bakıya yaxşı nəticə ilə qayıdarıq.

- Rəqibin "ikinci mərtəbə”də qarşısını necə almaq olar?

- Baş məşqçimiz bizə hələ videoicmalları, rəqibin zəif tərəflərini göstərəcək. Biz də bundan istifadə etməyə çalışacağıq. Sadəcə, hələ izləmədiyimdən, bir şey deyə bilmərəm. Mən də Şimali İrlandiyanı iş başında görməmişəm. Hər halda istənilən komandada zəif yerlər var.

- Hazırda həm klubda, həm də millidə oyununla ən yaxşı formada olduğunu demək olar?

- Özüm haqda heç nə deyə bilmərəm. Bu, kənardan daha yaxşı görünür. Baş məşqçimiz buna qiymət verə bilər. Məqsədim yaxşı futbol oynayıb inkişaf etməkdir. Daha da artırmaq istəyirəm. Oyunumda hansısa müsbət məqamlar var. Qol vururam. Ancaq bu mövsüm az fərqlənirəm. Bu, məni məyus edir. İstəyirəm ki, daha çox qol vurum. Öz üzərimdə daha çox işləyirəm ki, inkişaf edim.

- Avroliqada qrupa başladığınız vaxtda milli komandamız da uğurla çıxış etməyə başladı. Düşünmürsən ki, bu, beynəlxalq təcrübə ilə bağldır?

- Əlbəttə, bunun böyük müsbət təsiri var. Avropa Liqasının qrupunda oynamaq böyük təcrübədir. Şəxsən mən çox şadam ki, belə bir imkan yaranıb. Bu, arzum idi. Ona da sevinirəm ki, qrupda qollar vurmuşam. Bəli, nədəsə bəxtimiz gətirmədi, matçlarda uduzduq. Bu, bizim üçün müəyyən təcrübə olacaq və yalnız xeyrimizə işləyəcək.

- "Neftçi” legionerləri əvəzedici heyətə göndərdikdən dərhal sonra qalib gəldi. "İnter” üzərində 2:1 hesablı qələbəni islahatların nəticəsi ilə əlaqələndirirsən?

- Baş məşqçi Elxan Abdullayev onları əvəzedici heyət göndərib dərhal qələbə qazandısa, seçimdə haqlı idi. Deməli, düzgün qərar verib. Səhv etmirəmsə, həmin legionerlər zəif oyuna görə göndərilib. "Neftçi” legionerlərlə uduzur, ancaq yerli futbolçuların çoxluğunda qalib gəlir. Bu isə o deməkdir ki, legionerlərsiz də oynaya bilərik. Əlbəttə, "Neftçi” haqda xüsusi bir şey deyə bilmərəm. Həmişə onun tərəfindəyəm ki, yerlilər oynasın. Onlar təkcə öz klubları yox, əsas yığma üçün inkişaf etsinlər.

- "Neftçi”dən qovulan rumıniyalı hücumçu Katalin Tira azarkeşlə dalaşdı. Belə hərəkəti necə qarşıladın: Onun yerində olsaydın, nə edərdin?

- Heç vaxt azarkeşin üstünə əl qaldırmazdım. Çünki onlar bizə dəstəkləməyə gəlirlər. Belə soyuq havada stadiona gəlib bizə azarkeşlik edirlər. Eləsi var ki, cibində pulu yoxdur, ancaq vaxt, imkan tapıb oyuna gəlir. Azarkeş meydana ona görə daxil olur ki, uğursuz nəticəyə görə narazılığnı bildirir. Heç bir futbolçunun haqqı yoxdur ki, azarkeşə əl qaldırsın. Firkimcə, "Neftçi” Tiraya qarşı məhz belə etməklə düzgün edib. Hərçənd, onu bağışlamaq da olardı. Çünki azarkeşlə görüşüb üzr istəmişdi. Ancaq bu məsələdə haqsız idi.