» » » Azərbaycanın qadın güləşçiləri Qitələrarası Kubokda ikinci yeri tutub

Azərbaycanın qadın güləşçiləri Qitələrarası Kubokda ikinci yeri tutub

Azərbaycanın qadın güləşçiləri Qitələrarası Kubokda ikinci yeri tutub
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçirilir.

ucarliyiq.biz xəbər verir ki, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparır.

Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edir.

Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla "B" yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşacaq.

Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı ilə məğlub olsa da Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı qələbə ilə ayrılıb. Dairəvi mübarizə sisteminin ən yaxşı iki komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib olub. Qadın güləşçilərimiz turniri ikinci sırada başa vurub.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus komandası ilə qarşılaşıb. 2:4 hesabı ilə uduzan yığmamız digər qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3 olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn güləşçilərimiz turnirin bürünc mükafatına layiq görülüb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib.