» » » Rahid Əmirquliyev: "Şimali İrlandiya ilə oyunda kapitanın kim olmasının fərqi yox idi" - MÜSAHİBƏ

Rahid Əmirquliyev: "Şimali İrlandiya ilə oyunda kapitanın kim olmasının fərqi yox idi" - MÜSAHİBƏ

Rahid Əmirquliyev: "Şimali İrlandiya ilə oyunda kapitanın kim olmasının fərqi yox idi" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyevin ucarliyiq.biza müsahibəsi

- Soyuq başla Şimali İrlandiya məğlubiyyətinin səbəbini nə ilə izah edərdiniz?

- Güclü, standart vəziyyətlərdən yaxşı istifadə edən rəqibə qarşı oynayacağımızı bilirdik. Nə qədər çalışsaq da, onların standart vəziyyətlərdən istifadə etməsinin qarşısını ala bilmədik. Yəni, bilə-bilə o səhvləri etdik. Bilmirəm səhv deyim, yoxsa nə?! Amma standart vəziyyətlərdə üstünlük şimali irlandiyalılarda daha çox idi. Biz onların güclü cəhətinin bundan ibarət olduğunu bilirdik.

- Yəni, bu, onlar üçün 2x2 idi...

- Hamısı ucaboy futbolçular idi. Düzdür, oynamaq olar. Amma səhvlər etmişik, düzgün oynamamışıq və qolları buraxmışıq.

- Axı birinci dəfə deyil ki, o futbolçuları görürsünüz...

- Mən də onu deyirəm. Hardasa səhv etmişik ki, o qolları buraxdıq. Onların ən güclü cəhətlərinin bu olduğunu bilirdik.

- Məğlubiyyətin səbəbi daha çox nədə idi: Ucaboy futbolçularımızın olmaması, yoxsa yarımmüdafiə xəttindəki boşluqlarda? Bəlkə uzun ötürmələrin qarşısını ala bilmirdiniz?

- Deməzdim ki, yarımmüdafiədə düz oynamamışıq. Qol buraxmışıqsa, demək, səhv etmişik. Bizə necə qol vurmağın gərəkliyini bilirdilər. Oyun başlayandan uzun ötürmələr edirdilər, küncdən zərbələr olurdu. Tək müdafiəni də günahlandırmaq olmaz. Bütün komandanın səhvidir.

- Şimali İrlandiya ilə oyunda hansı baş məşqçi rəqibi daha yaxşı analiz etmişdi?

- Biz onların üstün cəhətlərini: Standart vəziyyətlərdən yaxşı oynadıqlarını, "ikinci mərtəbə"də üstün olduqlarını bilirdik. Amma qarşılarını almağı bacarmadıq.

- Bəs onlar bizim üstün cəhətlərimizin qarşısını ala bildi?

- Hər halda ala bildilər ki, qol vura bilmədik. Düzdür, bir-iki qol imkanı oldu. Amma alınmadı. Əsasən yarımmüdafiəni bağladıqlarını deməzdim. Bizə rahat oynamağa imkan vermədilər.

- Artıq üçüncü dəfədir ki, kapitan kimi millini oyuna çıxarırdınız...

- Hə, bir Moldova, bir də Çexiya ilə oyunda kapitan kimi oyuna çıxmışdım. Onların birində qalib gəlmiş, digərində heç-heçə etmişdik. Amma bu dəfə məğlub olduq. Məqsədimiz yaxşı nəticə qazanmaq idi. Ancaq alınmadı. Bu məğlubiyyət tək kapitan kimi yox, ümumiyyətlə, bir futbolçu kimi mənə çox pis təsir etdi. Ardıcıl 3 uğurlu qarşılaşmadan sonra hamı bizdən yaxşı oyun gözləyirdi. Biz də istəyirik ki, nəyəsə nail olaq. Ancaq alınmadı və bu da bizə pis təsir etdi.

- Oyunboyu yağış yağırdı. Ümumiyyətlə, hava şəraiti oyuna necə təsir etdi?

- Hava şəraitinə görə uduzduğumuzu deməzdim. Çünki yağışlı havada çox oynamışıq. İlk hissədə, ümumiyyətlə, bizdə heç nə alınmadı. İkinci hissənin əvvəlində bir az özümüzə gəlmişdik, amma imkanlardan istifadə edə bilmədik və üçüncü qolu buraxdıq. Nəticə də belə oldu.

- Rəşad Sadıqov meydanda olanda futbolçulara qışqırır, onlara öz tapşırıqlarını və göstərişlərini verir. Amma Siz sanki komanda yoldaşlarınızla mədəni rəftar edirsiniz...

- Əlbəttə, Rəşad təcrübəlidir və uzun müddətdir ki, kapitandır. Onda əsl liderlik xüsusiyyətləri var. Mənimlə onu müqayisə etmək düzgün deyil. Rəşad liderlik etməyi bacarır. Onun olmaması da bizə pis təsir etdi. O olsaydı, başqa cür alınardır.

- Yəni, hələ millidə kapitan kimi yetişmədiyinizi etiraf edirsiniz?

- Yetişməmişəm deyəndə, "sarğı" başqasına da verilsəydi, fərq etməzdi. Demək olmaz ki, başqası kapitan olsaydı, nəticə fərqli olardı. Bilsəm ki, başqa futbolçu kapitan olsa, qələbə qazanarıq, "kapitanlığı ona verin" deyərəm. Çünki əsas nəticədir. Şimali İrlandiya ilə oyunda kapitanın kim olmasının fərqi yox idi.

- Siz yarımmüdafiəçi, Rəşad Sadıqov isə müdafiəçidir. Şimali İrlandiya ilə görüşdə də daha çox müdafiəyə diqqət ayırmaq lazım idi ki, rəqib standart vəziyyətlərdən istifadə edə bilməsin. Şəxsən Siz müdafiəni nə qədər silkələyə bilirdiniz?

- Ümumiyyətlə, tək kapitan deyil, futbolçular özləri də danışa bilər. Məsələn, Maksim Medvedev olsun, Bədavi Hüseynov olsun. Heç kəsə qadağa qoyulmayıb. Sadəcə, kapitanlıq sarğısını taxmaqla deyil. Onlar da danışıb, idarə edə bilər. Sadəcə elə oldu ki, alınmadı.

- Demək olarmı ki, uğurlu nəticələr millini başqa ab-havaya saldığı üçün belə alındı, yaxud da bu məğlubiyyət komandanın əsl gücünü göstərir? Bəlkə də bu, sonuncu məğlubiyyət olacaq...

- Bundan sonra da məğlubiyyət, qələbə ola bilər.

- Belə məğlubiyyəti nəzərdə tuturduq...

- Deməzdim ki, bu, bizim gücümüzdür. Bundan yaxşı oynayıb yaxşı nəticə də qazana bilərik. Sadəcə, bu oyun elə oldu ki, erkən qol buraxdıq. Standart vəziyyətlərdə də zəif oynadıq. Belə deyək ki, bizim günümüz deyildi, heç nə alınmırdı.

- Kapitan olaraq bu nəticəyə görə, daha çox Sizin danışmağınız münasib olardı. Start heyətində Emin Mahmudov mərkəzdə oynadı. Robert Prosineçki isə bildirdi ki, Emin əsas silahımdır. Amma oyunda məlum olur ki, həmin əsas silah heç nə edə bilmir. O, ümidləri doğrultmadı. Bu heyət qurulanda Sizdə şübhə vardımı ki, bununla heç nə etmək olmaz?

- Start heyətini baş məşqçi qurur. Biz ona qarışa bilmərik. Bu, sırf onun işidir. Emin Mahmudovu əsas silahı adlandırıbsa, yəqin nəsə düşünüb. Bəlkə onun düşündüklərini biz, ya da Emin edə bilmədi. Yenə deyirəm, heyət məsələsi sırf baş məşqçinin işidir. Yəqin görür ki, kim hazır deyil, ona görə meydana buraxmır.

- Komanda yoldaşlarınızın bəziləri öz klublarında heyətə düşə bilmirlər. Nə məsləhət görərdiniz, özlərini oynaya biləcəkləri klublarda sınasınlar, yoxsa klubun adına görə gedib ehtiyatda "yatsınlar"? Elə Emin Mahmudov kimi...

- Düzdür, Mahmudovla da, digərləri ilə də danışırıq. Hamı oynamaq istəyir, sadəcə, şans gözləyirlər. Düşünürəm ki, şans vermirlərsə, elə klub seçmək lazımdır ki, orada oynayasan. Özləri daha yaxşı bilərlər, futbolçudurlar. Fikirləşirlər ki, nə etmək lazımdır. Mahmudov cavandır və düşünürəm ki, yaxşı futbolçudur. Şansını gözləyir. Mən ancaq məsləhət verərdim ki, oynamaq üçün komandasını dəyişsin.

- Elə Əfran İsmayılov da "Qarabağ"da az-az oynayır...

- Əfran son zamanlar oynamırdı. O da zədə almışdı və bu səbəbdən, meydana çıxmırdı.

- Əfran İsmayılov Muarem Muaremin əvəzinə oynaya biləcək?

- Əfranda o potensial var. Ancaq kimin yerində necə oynayacaq, buna baş məşqçi qərar verir.