» » » Azərbacanın qadın güləşi üzrə olimpiya mükafatçıları "Qızıl Qran Pri"nin final mərhələsində çıxış etməyəcək

Azərbacanın qadın güləşi üzrə olimpiya mükafatçıları "Qızıl Qran Pri"nin final mərhələsində çıxış etməyəcək

Azərbacanın qadın güləşi üzrə olimpiya mükafatçıları "Qızıl Qran Pri"nin final mərhələsində çıxış etməyəcək
Bakıda Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri" turnirinin final mərhələsində Azərbaycanın qadın güləşi üzrə olimpiya mükafatçıları çıxış etməyəcəklər.

ucarliyiq.bizun məlumatına görə, bu barədə milli komandanın baş məşqçisi Semyon Çterev açıq məşqdən sonra jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı mütəxəssis bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Natalya Sinişin (53), eləcə də "London-2012"nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turirdə istirahət edəcəklər. Əvəzində Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin, hazırlığa yeni başlayan və "Tokio-2020"də iştirak şansına malik gənclərə də şans veriləcək.

S.Çterev qarşıdakı yarışın 10-11 dekabrda Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib: "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir. Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində - 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik. Artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra növbəti olimpiada barədə düşünürük. Komandamızı qızıl medal qazanması üçün hazırlayırıq".

"Qızıl Qran Pri"nin final mərhələsində hər çəki dərəcəsində 3 güləşçinin yer alacağını deyən baş məşqçinin fikrincə, Azərbaycanda qadın güləşi yüksəlişə doğru gedir: "Növbəti olimpiadada qadın güləşi üzrə yığmamızın kişilərdən də yaxşı çıxış edə bildiyini göstərmək istəyirik. Bunun üçün potensialımız, gənc güləşçilərimiz də var".

Qeyd edək ki, "Qızıl Qran Pri"nin final mərhələsi sayca 9-cu dəfə baş tutacaq. Turnirə 50-dən artıq ölkənin 700-ə yaxın sərbəst, yunan-Roma və qadın güləşçisinin qatılacağı gözlənilir. Proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. Yarışlar Bakı İdman Sarayında olacaq.