» » » Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək
Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.

ucarliyiq.bizun məlumatına görə, "Bolevard Hotel"də təşkil olunacaq tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılacaq. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, İCF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.

Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçiriləcək. Bu Konqresdə İCF-nin strukturu müzakirə ediləcək. Burada İCF-nin yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə, Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq. Lakin Növbədənkənar Konqresdə heç bir seçki olmayacaq.

Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.

Bundan başqa İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016 - 2018-ci illəri əhatə edən dövr üçün Növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

Qeyd edək ki, İCF Konqresində Azərbaycan Milli Avarçəkmə Federasiyasını qurumun prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edəcək. Konqresin açılışı noyabrın 25-də saat 9:00-da olacaq. Tədbirə noyabrın 26-da yekun vurulacaq.