» » » "Qəbələ" klubu cari mövsümdə ilk dəfə xalsız qalıb

"Qəbələ" klubu cari mövsümdə ilk dəfə xalsız qalıb

"Qəbələ" klubu cari mövsümdə ilk dəfə xalsız qalıb
"Qəbələ" futbol komandası cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. ucarliyiq.bizun məlumatına görə, Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ"la səfər matçında 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" mövsümdə ilk dəfə xalsız qalıb.

Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın son məğlubiyyəti ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da "Qarabağ"la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzub. Mayın 11-dəki məğlubiyyətdən sonra "qırmızı-qaralar" keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə edib.

202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. "Qəbələ" 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmayıb ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə "qırmızı-qaralar" 15 oyundan ibarət seriyaya imza atıb.

Bununla yanaşı, "Qarabağ"ın da ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. "Qəbələ" ilə ev oyununda qalib gələn Qurban Qurbanovun rəhbərli etdiyi komanda ardıcıl 15-ci qələbə ilə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin "Qarabağ" 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün "Rəvan"la matçında top buraxıb. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn "Qarabağ" 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülüb. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən komandanı bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan "Qarabağ" öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.

Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003 - 2005-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.