» » » Fəhlənin evindən 16 kilo marixuana və 3 kilo tiryək tapıldı-BAKIDA

Fəhlənin evindən 16 kilo marixuana və 3 kilo tiryək tapıldı-BAKIDA

Fəhlənin evindən 16 kilo marixuana və 3 kilo tiryək tapıldı-BAKIDA

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 55 yaşlı Astara rayon sakini Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Müəyyən edilib ki, Heydər Məmmədov istintaqa məlum olmayan "Seymur" adlı şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni kirayə yaşadığı Nizami rayonu, Özbəkistan küçəsi, 24 saylı mənzildə saxlayıb. 9 mart 2016-cı ildə Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılan H.Məmmədovun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibindən 3 büküm tiryək və 5 kibrit qutusu marixuana aşkar edilib. Bundan sonra onun kirayə yaşadığı mənzildə axtarış aparılıb. Nizami RPİ 25-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzildən 15 kilo qurudulmuş marixuana və 3 kiloya yaxın tiryək aşkar edilərək götürülüb.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nizami rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Heydər Məmmədov ona elan olunmuş ittihamla özünü günahkar bilib. 16 yaşından bəri marixuana qəbul etdiyini deyən H.Məmmədov iki ilə yaxındır ki, Astara rayonundan paytaxta gəldiyini, 8-ci km bazarında fəhlə işləməklə ailəsini dolandırdığını göstərib: "Həbs olunmazdan iki gün əvvəl bir nəfər mənə yaxınlaşıb özünü "Seymur" kimi təqdim etdi. Mənə yazığı gəldiyini, dolanışıq üçün iş tapacağını deyib, Özbəkistan küçəsi, 24 saylı ünvana aparıb ora yerləşdirdi. Borcum olduğuna görə, Seymurdan mənə kömək etməsini xahiş etdim. Seymur cavabında təxminən 3 kiloya yaxın tiryək və 15 kilo marixuana olduğunu dedi. Əgər tiryəki 10 min manata satarsam 3 minini mənə verəcəyini bildirdi. Mən də razılaşdım".

H.Məmmədovun ifadəsinə görə, həbs olunan gün Seymur sözügedən narkotik vasitəni evə gətirib. Satış məqsədilə marixuananın bir hissəsini kibrit qutularına doldurublar, tiryəkin bir hissəsini isə 6 ədəd siqaret kağızına büküblər. Seymur ona axşam saatlarında tiryək bükümünü götürüb "Sevinc" kinoteatrının qarşısına getməyi tapşırıb, orada ona yaxınlaşacağını və evə qayıdanda 3 min manat verəcəyini vəd edib: "Beş qutu marixuananı və üç büküm tiryəki gödəkçəmin cibinə qoyub piyada "Sevinc" kinoteatrına sarı getdim. Yolda mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını dedilər, bölməyə dəvət etdilər. 25-ci polis bölməsində olarkən üzərimə baxış keçirildi, tiryək və marixuana aşkar edildi. Könüllü ərizə yazaraq kirayə yaşadığım evə baxış keçirməyə etiraz etmədiyimi bildirdim. Hal şahidlərinin iştirakı ilə evə baxış keçirildi. İçərisində narkotik vasitə olan qara rəngli idman çantası çarpayının altından aşkar edilərək götürüldü".

Şahid qismində dindirilən polis əməkdaşları ifadələrində Heydər Məmmədovun mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə məlumat daxil olduğunu göstəriblər. Bununla bağlı əməliyyat qrupu təşkil edilib, H.Məmmədov saxlanılıb, gödəkçəsinin cibindən külli miqdarda tiryək aşkar edilib. Şübhəli şəxs qismində dindirilərkən H.Məmmədov tiryəkin ona məxsus olduğunu, 10 min manata satmaq məqsədilə üstündə saxladığını bildirib: "Evə baxış keçirilərkən çantalarda da narkotik vasitə aşkar edildi. Heydər Məmmədov həmin narkotik vasitəni borcu olduğu üçün "Seymur" adlı şəxsdən əldə etdiyini, satmaq və özü də istifadə etmək üçün kirayə yaşadığı evdə saxladığını bildirdi".

Məhkəmənin hökmü ilə Heydər Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(virtualaz.org)