» » » Müğənni Aygünün qardaşının öldürdüyü oğlanın anası DANIŞDI

Müğənni Aygünün qardaşının öldürdüyü oğlanın anası DANIŞDI

Müğənni Aygünün qardaşının öldürdüyü oğlanın anası DANIŞDI

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

Qeyd edək ki, Elnur Hümmətov Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir. Elnur Hümmətov 2013-cü ilin mayın 21-də evdən çıxıb və geri qayıtmayıb. Gəncin ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşı Abbas Hümbətovdur.

Qətlə yetirilən E.Hümbətovun anası Səadət Hümbətova göz yaşları içərisində müsahibə verərək qaranlıq mətləblərə aydınlıq gətirib.

- Səadət xanım, oğlunuzun ölüm xəbəri sizin üçün qəfil oldu?

- Yox, mən bilirdim ki, balamı öldürüblər, qanın batırmaq üçün xəbəri gizlədirlər. Amma ört-basdır edə bilmədilər, üç il sonra cinayət üzə çıxdı. Balamı qohumlarım öldürdü. Aygünün qardaşı. Dörd nəfər əllərini tutub, balama olmazın işgəncə verib, yapışqanla ağzını bağlayıb, dəsmalla boğub öldürüblər. Çılpaq vəziyyətdə onu Bağlar massivi deyilən yerdə basdırıb, üstünü betonlayıblar.

- Sizcə, səbəb nə olub?
- Onlar narkotik istifadəçiləri olub, oğlum bilib ki, Abbasgil narkotik əkib-becərirmişlər. Abbas biləndə ki, oğlum bundan xəbərdardır, izi itirmək üçün oğlumu öldürmək qərarına gəlib.

- Aygüngillə əvvəllər aranızda münaqişə vardı?
- Oğlumun atası sağ olanda mülk davası gedirdi, Aygüngil yoldaşıma deyirdilər ki, evin bir hissəsini bizə verməlisən. Elə oldu ki, yoldaşım rəhmətə getdi, söz-söhbət səngidi.

- Bəs axı oğlunuz itkin düşəndə Aygün Bəylər sizinlə bərabər ATV-nin efirində - Zaur Baxşəliyevin verilişində göz yaşı tökürdü?
- Hamısı şou idi. Aygün yaxşı bilirdi ki, Elnuru onun qardaşı öldürüb. Mənə imkan vermirdilər ki, bunu açım-ağardım. Elə yalandan deyirdilər ki, oğlun üçuşaqlı arvadla görüşür. Gah deyirdilər Xırdalanda görmüşük, gah deyirdilər Zabratda görüblər. Hamısı yalan imiş, izi itirmək üçün bu yalanları uydurublar. Getdim o dedikləri yerlərə qədər baxdım. Kafeyə, restorana, barlara getdim, balamdan soraq verən olmadı. Demə, üç ilmiş ki, balam betonun altında çürüyübmüş.

- Oğlunuzun neçə yaşı vardı?

- 21. Fağır uşaq idi, o nə bilirdi üçuşaqlı arvadla gəzmək nədir, görüşmək nədir...

- Abbasla münasibəti necə idi?
- Əminəvəsi idilər, görüşürdülər, oturub-dururdular. Oğlum nə bilsin ki, əzrayılı elə evinin içindəymiş. Aygünün qardaşının toyu olanda xonça tutdular, gəldilər bizə. Özlərini elə aparırdılar ki, guya bizi çox istəyirlər.

- Ana ürəyinə hər şey damır axı. Heç şübhələnmirdiniz ki, oğlunuz öldürülüb?
- Yuxuma girirdi, yalvarırdı ki, ana gəl məni qurtar. Elə hey məni çağırırdı.

- Oğlunuzun ölüm xəbərini eşidəndə Aygün gəldimi yasa?
- Gəlmək istədi, qoymadım. Onun ciyəri yanmış bacısı Aynurə qardaşı Abbası türmədən qurtarmaq üçün çox əlləşib, görüb bir şey çıxmır. Axırda Aygün işə qarışıb. Ona da deyiblər ki, bu ölüm işidir, bunun altından çıxmaq mümkün deyil. Mən heç vaxt onları bağışlamayacam. Ömürlük həbs istəyirəm. Onların türmədə çürüməsini istəyirəm. Necə ki, mənim balamı üç il betonun altında çürüdüblər.

- Cəsədə baxdınız?
- Qoymurdular, məcbur baxdım. Quruca sümükləri qalmışdı.

publika.az