» » » "Məni oruclu-oruclu MTN-də döyürdülər"

"Məni oruclu-oruclu MTN-də döyürdülər"

"Məni oruclu-oruclu MTN-də döyürdülər"

"MTN-də məni oruclu-oruclu döyürdülər"

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları olub.

Təqsirləndirilən M.Vladimirin vəkili çıxış edərək bildirib ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq çox qeyri-professional formada olub: "Cinayət işində cəmi 2 sübut var. Biri Marfinin öz ifadəsidir. Digəri isə Rufan Ağcabəyovla üzləşdirilməsi. Bu ifadələr və üzləşdirmələr də fiziki işgəncələr altında aparılıb. Bu şəxslərin telefon zəngləri dinlənilməyib, nömrələrindən çıxarışlar olmayıb. Cinayət işinin materiallarında bir dənə də arayış var. Anti-terror Mərkəzinin rəisi Elçin Quliyevin məktubudur. Orada da qeyd olunub ki, Marfin Vladimir və Rufan Ağcabəyovun Suriyada gedən döyüşlərdə iştirak etməsi barədə şübhələr var. Belə arayış olar? MTN belə yaxşı işləyirdisə, bu adamlar Suriyaya gedib Azərbaycanda qayıdan kimi məlumatları olardı.

Buna baxmayaraq, Marfin məhkəmədə ifadəsində Suriyaya getdiyini könüllü olaraq etiraf edib. Bunu da nəzərə almağınızı xahiş edirəm. Lakin o, silahlı qruplaşmaların tərkibində döyüşməyib. Marfin Suriyanın Türkiyə ilə sərhədində qaçqınlara ərzaq paylayan humanitar təşkilatda könüllü kimi işləyib və ərzaq paylayıb. Xahiş edirəm, Marfin Vladimir barəsində bəraət hökmü çıxarasınız".

Bundan sonra R.Ağcabəyov son söz nitqi ilə çıxış edib. O, heç bir cinayət törətmədiyini deyib: "Mən sadəcə yardım etmişəm, silahlı qruplaşmalarda iştirak etməmişəm. İstintaqda məni oruclu-oruclu döyürdülər, deyirdilər ki, sən baş kəsibsən. Mənim 12 yaşlı oğlum var. Xahiş edirəm, mənə bəraət verin".

M.Vladimir isə son söz demək üçün vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.(qafqazinfo)