» » » "Qızıl Məryam"ı öldürən qızının məhkəməsi başlayır - FOTO

"Qızıl Məryam"ı öldürən qızının məhkəməsi başlayır - FOTO

"Qızıl Məryam"ı öldürən qızının məhkəməsi başlayır - FOTO

Bakıda anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 16-na təyin edilib.

İşə hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu il yanvar ayında Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün "isti izlər"lə açılması təmin edilib.

Belə ki, yanvarın 5-də saat 9 radələrində 1965-ci il təvəllüdlü Nametzadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyidinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən M.Nametzadə Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən qızı G.Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.