» » » Qızı tərəfindən öldürülən "Qızıl Məryəm"in məhkəməsi buna görə təxirə salındı

Qızı tərəfindən öldürülən "Qızıl Məryəm"in məhkəməsi buna görə təxirə salındı

Qızı tərəfindən öldürülən "Qızıl Məryəm"in məhkəməsi buna görə təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanınmış qızıl alverçisi olan Məryəm Nemətzadəni öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ucarliyiq.biz Trend-ə istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyindən hakim növbəti məhkəmə iclasını noyabrın 1-nə təyin edib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror G.Hüseynovanın 19 il, N.Eyvazovun 10 il, C.Əsgərovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyidi aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü G.Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər. Qətlə yetirilən Məryəm Nemətzadə "Qızıl Məryəm" ləqəbli iş adamı kimi tanınıb. O paytaxtda qızıl alveri ilə məşğul olub. "Moskva" univermağında onun mağazaları, paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub.