» » » Azərbaycan miqrasiya sahəsində daha bir neçə ölkə ilə əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan miqrasiya sahəsində daha bir neçə ölkə ilə əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan miqrasiya sahəsində daha bir neçə ölkə ilə əməkdaşlıq sazişi imzalayacaq
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda görüşü çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı dəyirmi masada çıxış edib.

DMX-nin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda qloballaşma prosesi bütün mütərəqqi cəhətləri ilə yanaşı, miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirdiyini deyən Firudin Nəbiyev bildirib ki, bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarəolunması və bu proseslərin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xidmət rəisi cərəyan edən qloballaşma fonunda Azərbaycanın regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeritdiyinə diqqət çəkib. O bildirib ki, bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə gəlib çatıb: "Münaqişədən əziyyət çəkən ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 700 min nəfərdən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul edilən 4 qətnamə təəssüf ki, icra olunmur". Firudin Nəbiyev deyib ki, məcburi köçkün düşmüş insanların sosial məişət problemlərinin həlli onların köçkündüşmə probleminin həlli demək deyil: "Beynəlxalq ictimaiyyətin səyi ilə məcburi köçkündüşmə halları aradan qaldırılmalı,hərtərəfli ədalətli mövqe nümayiş etdirilməli, insanların sülh və təhlükəsizlik şəraitdə yaşaması təmin edilməlidir".

Xidmət rəisi bildirib ki, bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb: "Bu xüsusda, biz qaçqın və miqrant dalğası fonunda islamofobiya meyllərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı öz dərin narahatlığımızı ifadə etmək istərdik”.

F.Nəbiyev onu da əlavə edib ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarus ilə ikitərəfli sazişlər mövcuddur və bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir.

Dövlət Miqrasiya Xidmətinin rəisi çıxışının sonunda bildirib ki, miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərini həmrəylik, ksenofobiyaya qarşı mübarizə və birgə səylərlə həll etmək mümkündür: "Qaçqın və məcburi köçkün problemini yaradan səbəblərin aradan qaldırılması, münaqişələrin həll edilməsi üçün səylər gücləndirilməlidir".