» » » Azərbaycan ilə Meksika arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan ilə Meksika arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan ilə Meksika arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Avropa Baş idarəsinin Baş direktoru Fransisko del Rio ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-nin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, X.Xələfov ölkəmizin Meksika ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, buna misal olaraq Azərbaycanın Latın Amerikasında ilk səfirliyinin Mexiko şəhərində açıldığını bildirdi və iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib. Nazir müavini eyni zamanda Meksikanın Azərbaycanda səfirlik açmasını yüksək qiymətləndirib və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində səfirliklərin fəaliyyətini xüsusi vurğulayıb.

X.Xələfov xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərini xatırladaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına müsbət təsir edəcəyini, bu xüsusda Fransisko del Rionun bu səfərinin əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə etdi.

O, ölkəmizin Meksika ilə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib və bu ölkənin qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar və Xocalı soyqırımını qınayan qətnamələrə görə Meksika tərəfinə təşəkkür edib. İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bu sahədəki təşəbbüs, layihə və ideyaları əlaqələndirəcək mexanizmlərin müəyyənləşdirilməsini təklif etdi. Nazir müavini, həmçinin ölkəmizin iqtisadi qurumlarında görüşlərin keçirilməsinin arzuedilən olduğunu, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini söyləyib.

Baş direktor Fransisko del Rio ölkəsinin Azərbaycanı beynəlxalq səviyyədə vacib ölkə kimi qəbul etdiyini bildirib və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, habelə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsində rolunu yüksək qiymətləndirib.

Görüşdə səsləndirilən təklifləri müsbət qarşılayan Fransisko del Rio, bu barədə Meksikanın müvafiq qurumlarına məlumat verəcəyini deyib. Parlamentlərarası əlaqələri diplomatiyanın vacib tərkib hissəsi adlandıran Baş direktor bu il sentyabrın 20-də Meksika parlamentində Azərbaycanla “dostluq qrupu”nun yaradılması barədə məlumat verdi. O, bu ilin noyabr ayında bir qrup azərbaycanlı iş adamının Meksikaya səfər edəcəyini və bu qəbildən olan qarşılıqlı səfərlərin iki ölkə arasında ticarət dövriyyəsini artıracağına ümidvar olduğunu deyib.

Görüşdə hər iki ölkənin enerji sahəsində böyük təcrübəsini nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi yolları ətrafında müzakirə aparılıb.

X.Xələfov Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda tanıdılması və təbliğ edilməsi üçün hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verən X.Xələfov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ölkəmizin ən böyük problemi olduğunu qeyd edərək, münaqişənin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini deyib.