» » » Azərbaycan Boliviyada keçiriləcək yüksək səviyyəli konfransa dəvət olunub

Azərbaycan Boliviyada keçiriləcək yüksək səviyyəli konfransa dəvət olunub

Azərbaycan Boliviyada keçiriləcək yüksək səviyyəli konfransa dəvət olunub
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində BMT Baş katibinin müavini və Dənizə çıxışı olmayan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə xüsusi nümayəndə Gyan Çandra Açarya ilə görüşüb.

XİN-dən ucarliyiq.biza verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirildiyini qeyd edərək, hazırda ölkəmizdə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, rəqabətə davamlı, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verib.

Bu xüsusda Azərbaycanın Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Vyana Fəaliyyət Proqramına xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkəmizin yaxından iştirakı və dəstəyi ilə həyata keçirilən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin regional inkişafa və inteqrasiyaya xidmət etdiyini bildirib.

Gyan Açarya Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı nəqliyyat infrastruktur layihələrinin, xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Davamlı inkişaf məqsədlərinin icrasına əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bu sahədə təcrübəsini nəzərə alaraq, ölkəmizi bu il oktyabrın 13-14-də BMT müvafiq bölmələri ilə birlikdə Boliviyada keçiriləcək İnkişaf etməkdə olan və dənizə çıxışı olmayan ölkələrin davamlı nəqliyyat imkanlarına dair yüksək səviyyəli konfransda iştiraka dəvət edib.

Elmar Məmmədyarov Azərbaycanın davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi prosesində dövlət orqanların göstərdikləri xidmətlər, vergi və gömrük sistemində vahid pəncərə sisteminin yaradılması sahəsində öz təcrübəsini BMT-nin xətti ilə digər dənizə çıxışı olmayan ölkələrlə bölüşməyə hazır olduğunu deyib.

Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçildiyini qeyd edən Elmar Məmmədyarov BMT-nin bu mötəbər qurumuna Azərbaycanın yüksək səslə üzv seçilməsinin ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisi olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklər, o cümlədən nəqliyyat infrastrukturlarının dağıdılması barədə məlumat verən Elmar Məmmədyarov Ermənistanın destruktiv və işğalçı siyasətinin regional əməkdaşlıq və inteqrasiyanın tam şəkildə inkişafına, regionda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə ciddi maneə olduğunu bildirib.