» » » Elmar Məmmədyarov: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

Elmar Məmmədyarov: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

Elmar Məmmədyarov: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"
"Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir".

ucarliyiq.biz - in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Multikulturalizm və tolerantlıq mənim ölkəmdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilmişdir. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanmışdır" - nazir bildirib.

O xatirladib ki, 2016-cı il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş VII Qlobal Forumuna ev sahibliyi edib: "Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir".

E.Məmmədyarov bildirib ki, gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumuna ev sahibliyi edəcəkdir. Biz bütün tərəfdaşlarımızı və maraqlı tərəfləri adıçəkilən tədbirdə fəal iştirak etməyə dəvət edirik. Mən həmçinin yüksək səviyyəli əməkdaşlıq təcrübəsinə əsaslanaraq, bu yaxınlarda Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə “Mədəniyyətlərarası Dialoq üzrə Bakı – Sivilizasiyalar Alyansı mükafatı” adlı yeni layihə ilə bağlı razılığa gəlməsini də qeyd etməkdən şadam.

"Qaçqın və miqrantların kütləvi şəkildə yerdəyişməsi kontekstində mədəniyyətlərarası dialoq, dözümlülüyün təşviq edilməsi və zorakı ekstremizmin qarşısının alınması daha artan əhəmiyyət qazanmışdır. Etnik təmizləmə nəticəsində öz evindən didərgin düşmüş bir milyondan artıq məcburi köçkün və qaçqınlara malik olan Azərbaycan bu problemi daha yaxından başa düşür. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunması beynəlxalq səylərin mərkəzində olmalıdır" - nazir vurğulayıb.