» » » Azərbaycan XİN başçısı Kolumbiya Milli Konqresinin birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan XİN başçısı Kolumbiya Milli Konqresinin birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan XİN başçısı Kolumbiya Milli Konqresinin birinci vitse-prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti, xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən ucarliyiq.biza verilən məlumata görə, görüş zamanı Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib. Nazir Kolumbiya hökuməti və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı kolumbiyalı parlamentarilərə ətraflı məlumat verən E.Məmmədyarov rəsmi Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd edib. Nazir həmçinin Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Kolumbiyanın dəstəyi ilə ADA Universitetində təşkil olunan ispan dili kurslarının praktiki əhəmiyyətini qeyd edib.

Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın təşviq edilməsi, eləcə də regionlararası təmasların artırılmasının zəruriliyini vurğulayıb. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını bildiriblər.

Görüşdə həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.