» » » Azərbaycan və Ukrayna tank əleyhinə silah istehsalı üzrə birgə müəssisə yaratmaq imkanlarını nəzərdən keçirir

Azərbaycan və Ukrayna tank əleyhinə silah istehsalı üzrə birgə müəssisə yaratmaq imkanlarını nəzərdən keçirir

Azərbaycan və Ukrayna tank əleyhinə silah istehsalı üzrə birgə müəssisə yaratmaq imkanlarını nəzərdən keçirir
Azərbaycan və Ukrayna tank əleyhinə raket komplekslərinin (TƏRK) və onlar üçün idarə olunan raketlərin istehsalı üzrə birgə müəssisə yaradılması imkanlarını nəzərdən keçirir.

ucarliyiq.biz Ukraynanın "Ukroboronprom" Dövlət Konserninin tərkibinə daxil olan "Ukrspetseksport" şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ dövlət şirkətinin baş direktoru Pavel Bukin ilə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev arasında "ADEX-2016" beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində baş tutan danışıqlarda müzakirə edilib.

"Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Fuad Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş zamanı tərəflər sifarişçinin zirehli texnikanın təmiri və ona xidmət göstərilməsi üçün Ukrayna şirkətlərindən xüsusi texnikanın təchizatı məsələsini, "Şturm-C" tank əleyhinə raket sisteminin təkmilləşdirilməsi imkanlarını, eləcə də əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə edib" - mətbuat xidmətinin məlumatında qeyd olunub.

Ümumiyyətlə, Ukrayna Bakıda keçirilən "ADEX-2016" müdafiə sənayesi sərgisində iştirakı çərçivəsində texniki xüsusiyyətləri ən yüksək Qərb standartlarına cavab verən "Taypan" yeni döyüş modulunu təqdim edib. Döyüş modulu Azərbaycan və Kanadanın birgə məhsulu olan AZCAN zirehli avtomobilində quraşdırılıb.

Xatırladaq ki, 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX-2016" sentyabr 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçirilir.