» » » Son dövrlərdə döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri qeydə alınmayıb

Son dövrlərdə döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri qeydə alınmayıb

Son dövrlərdə döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri qeydə alınmayıb
“Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönələn mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınan cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb”.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə, hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərariliyin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalıb, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri isə qeydə alınmayıb.

X.Vəliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarımilində qeydə alınan hərbi xidmət əleyhinə cinayətlər, konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərketmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Qeydə alınan cinayətlərin 99,6 faizinin, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılmasının təmin olunduğunu deyən baş prokurorun müavini əlavə edib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrin yaranmasının, habelə təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətinin çox böyük əhəmiyyəti olub.