» » » Milli Qəhrəman Əliyar Əliyevin xatirə gecəsi keçirilib

Milli Qəhrəman Əliyar Əliyevin xatirə gecəsi keçirilib

Milli Qəhrəman Əliyar Əliyevin xatirə gecəsi keçirilib
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Laçın rayonu uğrunda şəhid olduğu vaxtdan 24 il keçir.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, cəbhə bölgəsində Milli Qəhrəmanın portreti ətrafına toplaşan döyüşçülər unudulmaz tabor komandirini bir daha ehtiramla yada salıb, hesabat verərək aprel döyüşlərində qazandıqları uğur və qələbələrlə onun ruhunu şad ediblər.

Xatirə gecəsində şəhidin 34 illik ömür yolu xatırlanıb. Qeyd olunub ki, Əliyar Yusif oğlu Əliyev 1957-ci ilin dekabr ayında Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Bir müddət müəllim işləyib. Hərbi xidmətini başa vurduqdan sonra isə Qubadlı rayonunda "Məhsul" kənd könüllü idman cəmiyyətində, Bədən tərbiyəsi və İdman Şurasında çalışıb. Klassik güləş üzrə respublika, ittifaq və beynəlxalq yarışlarda müvəffəqiyyətlər qazanıb. Neçə-neçə idmançının yetişməsində xüsusi xidmətləri olub.

Pəhləvan kimi tanınan Əliyar Əliyev ötən əsrin 80-cı illərinin sonlarından başlayan xalq hərəkatının öncüllərindən, Qarabağ uğrunda döyüşlərin ilk könüllü əsgərlərindən biri kimi tanınıb. Onun Qubadlı könüllülərindən ibarət təşkil etdiyi "Pəhləvan döyüşçülər dəstəsi" torpaqlarımıza göz dikən mənfur düşmənlərə qarşı mərdliklə vuruşub.

Milli Ordumuz yarandıqdan sonra Ə.Əliyevin yaratdığı könüllülər dəstəsi də bu orduya daxil olaraq Vətənimizin qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıb.

Laçın rayonunun neçə-neçə kəndinin, strateji yüksəkliklərin düşməndən azad edilməsində, Suriyada xüsusi təlim keçmiş qaniçən Karlenin quldur dəstəsinin zərərsizləşdirilməsində Əliyar Yusif oğlunun xüsusi xidmətləri var. O, şəhid olsa da dövlətimiz və xalqımız qəhrəmanın xidmətlərini yüksək qiymətləndirib. İndi Əliyar Əliyevin adı Azərbaycanın Milli Qəhrəmanları sırasında fəxrlə çəkilir.

Müdafiə Nazirliyinin zabitləri Abdulla Qurbanı və Nazim Əhmədov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər keçirildiyini və Əliyar Əliyevin xatirə gecəsinin də bu tədbirlərdən biri olduğunu qeyd ediblər. Onlar şəhid qəhrəman haqqında xatirələr söyləyiblər.

Vaxtilə Əliyar Əliyevin xidmət etdiyi hərbi hissədə tabor komandiri kimi döyüşlərdə iştirak etmiş polkovnik Elçin Kərimov və mayor Namiq Cavadov Füzuli rayonunun kəndlərinin erməni quldurlarından azad edilməsində və aprel döyüşlərində qəhrəman Əliyar Əliyevin davamçılarının şücaətlərindən danışıblar.

Tabor komandiri mayor Təvəkkül Fərəcov Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini səbirsizliklə gözlədiklərini və hər bir döyüşçünün Əliyar Əliyevin qəhrəmanlıqlarını təkrarlamağa hazır olduğunu bildirib.

Şəhid Milli Qəhrəmanın oğlu mayor Emin Əliyev atasının yolunu cəbhə bölgəsində davam etdirməsindən böyük qürur duyduğunu vurğulayıb. Atasının, ümumiyyətlə, bütün şəhidlərimizin xatirəsinin əziz tutulmasına, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.

Döyüşçülər torpaqlarımızın müdrik və qətiyyətli Prezidentimizin rəhbərliyi altında mübariz Azərbaycan əsgərinin zəfər yürüşü ilə tezliklə düşməndən azad olunacağına böyük əminliklə döyüş növbəsinə yollanıblar.