» » » DMX rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşüb

DMX rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşüb

DMX rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Cenevrədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.

DMX-dən ucarliyiq.biza verilən məlumata görə, görüşdə ali komissarın dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib.

F.Nəbiyev Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitin, yeni salınmış yaşayış komplekslərinin, eyni zamanda həyata keçirilən digər sosial layihələrin əhəmiyyətini vurğulayıb. DMX rəisi deyib ki, öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz üzərinə götürüb və bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirləri mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata kеçirir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tәrәfindәn məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb,son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.

F.Nəbiyev əlavə edib ki, Azərbaycan hökuməti həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanları olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırmaqdadır.

O qeyd edib ki, bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxu hələ öz həllini tapmayıb: "Əsas səbəblərdən biri də Ermənistanın destruktiv mövqeyi nəticəsində münaqişənin bu vaxtadək həllinin tapılmamasıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların yekunlarından asılı olaraq münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə BMT, ATƏT və digər qurumların Azərbaycan hökuməti ilə razılaşdırılmış şəkildə əməkdaşlığı vacibdir. Azərbaycan burada iştirak etməyə hazır olduğuna görə BMT QAK-a minnətdardır. Ümidvarıq ki, BMT QAK-ın ümumi əlaqələndirilməsi nəticəsində beynəlxalq qurumların bu çətin işdə fəaliyyəti uğurla nəticələnəcəkdir.”

DMX rəisi vurğulayıb ki, Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir: "Bu günə qədər BMT QAK-ın Azərbaycandakı fəaliyyəti təqdirə layiqdir və bu da digər BMT ölkələri üçün yaxşı nümunə təşkil edir. Sabiq ali komissar Antonio Quterreş 2011-ci ilin 18-19 may tarixlərində Azərbaycana səfər edib. Ali komissar Filippo Qrandi də yaxın zamanlarda ona uyğun olan vaxtda Azərbaycana səfərə dəvət edilib".

O əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir: "25 ildən artıqdır ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik nümayiş etdirərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu da, əlbəttə, Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi təcavüzün nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır. Ermənilər beynəlxalq tribunalardan pafosla bəyan edirlər ki, onlar 20 000 suriyalı qaçqın qəbul ediblər. Maraqlıdır, bunların arasında heç olmasa on nəfər ərəb mənşəli qaçqın varmı?” Son illər dünyada münaqişə zonalarının coğrafi məkanının genişlənməsi, baş verən hadisələr nəticəsində öz həyatlarını itirən, doğma yurdlarından didərgin düşənlərin sayının sürətlə artması, münaqişələrin qarşısının alınmasında beynəlxalq təşkilatların gücsüzlük nümayiş etdirməsi hamını çox narahat edir, hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısı alınmaz xaotik, katastrofik vəziyyətə, böyük faciələrə səbəb ola bilər. Hesab edirik ki, beynəlxalq birlik ilk növbədə dünyada yeni münaqişə zonalarının yaradılmasına imkan verməməli, həmçinin ədalətli mövqe tutaraq mövcud münaqişələrin həll yollarının tapılmasında, beynəlxalq hüquqa zidd əməllərin qarşısının alınmasında, beynəlxalq məsuliyyətə qeyri-ciddi yanaşan ölkələrə təzyiqlərin artırılmasında qətiyyətlilik göstərməlidir".

Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.