» » » YUNİSEF nümayəndəsi: Azərbaycanda son 10 ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyiş var

YUNİSEF nümayəndəsi: Azərbaycanda son 10 ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyiş var

YUNİSEF nümayəndəsi: Azərbaycanda son 10 ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyiş var
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bu gün BMT Uşaq Fondunun (YUNİSEF) ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Edvard Karvardin ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, qonağı təyinat münasibətilə təbrik edən vitse-spiker Azərbaycanla YUNİSEF arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı birgə layihələrin uğurla həyata keçirildiyini deyib. O vurğulayıb ki, Azərbaycan uşaqları YUNİSEF-i tanıyır. Bu isə qurumun ölkəmizdəki nüfuzunun göstəricisidir.

Parlament və ayrı-ayrı deputatlar səviyyəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə sıx əlaqələrin mövcudluğunu xatırladan Bahar Muradova Edvard Karvardinin əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini bildirib.

Milli Məclis Sədrinin müavini nəzərə çatdırıb ki, parlamentdə qanunvericilik aktlarının hazırlanması prosesində uşaq hüquqları mütləq nəzərə alınır. Xüsusilə son 10 ildə qəbul edilən qanunlarda gender məsələlərinə və uşaq haqlarına xüsusi diqqət yetirilib. Gələn ilin büdcəsi müzakirə olunarkən uşaq hüquqları məsələsi daha geniş aspektdə nəzərə alınacaq.

Görüşdə Edvard Karvardin YUNİSEF-in Azərbaycandakı nümayəndəsi kimi görəcəyi işlər, nəzərdə tutduğu fəaliyyət proqramı və planları barədə ətraflı məlumat verib. Azərbaycanda son 10 ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyişin olduğunu qeyd edib. O bildirib ki, ölkəmizdə uşaq ölümü 50 faiz azalıb, onların məktəbə cəlb olunması və uşaqlar arasında yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqların pozulmuş hüquqlarının bərpası, həmçinin ermənilərin mütəmadi hərbi təcavüzü nəticəsində cəbhəyanı bölgədə yaşayan dinc əhalinin, xüsusilə uşaqların rahatlığının pozulmasına qarşı YUNİSEF çərçivəsində beynəlxalq hüquq normalarından istifadə olunması və digər vacib məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.