» » » Prezident İlham Əliyev: "Biz Pakistanla beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik"

Prezident İlham Əliyev: "Biz Pakistanla beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik"

Prezident İlham Əliyev: "Biz Pakistanla beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik"
"Biz Pakistanla beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik".

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şəriflə mətbuata bəyanatla çıxışı zamanı deyib.

"Bu gün biz, əlbəttə ki, cənab baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın. Bu gün biz, həmçinin Azərbaycanda xüsusilə də əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir. Biz Azərbaycanda bu sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, müzakirələrin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunub: "Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var".

Dövlət başçısıl vurğulayıb ki, bu gün iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu: "Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar".

"Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır. Tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var. Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır. Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir", - deyə Azərbaycan Prezidenti söyləyib.