» » » Peru mətbuatında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib

Peru mətbuatında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib

Peru mətbuatında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib
Perunun nüfuzlu mətbuat orqanlarından olan “El Peruano” qəzetində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib.

Azərbaycanın Perudakı Diplomatik Nümayəndəliyindən ucarliyiq.biza verilən məlumata görə, məqalə Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunub. Məqalədə müasir Azərbaycanın 1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Demokratik Respublikasının varisi olduğu göstərilib. Qeyd edilib ki, Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk demokratik respublika olub. Cəmi 18 ay ömrü olan Azərbaycan Demokratik Respublikası o dövrdə öz demokratik prinsiplərinə görə bir sıra Avropa dövlətlərini qabaqlayıb və respublikanın parlamenti qadınlara kişilərlə eyni hüquq bərabərliyi verib. 18 ay davam edən respublikaya geosiyasi mübarizə nəticəsində 1920-ci ilin aprel ayında son qoyulur.

Məqalədə göstərilib ki, 1991-ci il oktyabrın 18-də Respublika öz müstəqilliyini bərpa etdikdən sonra ötən 25 il ölkədə suverenlik və müstəqilliyin bərpası uğrunda mübarizə, ölkədə və xalqın özündə dərin dəyişikliklər, dövlət quruculuğu, iqtisadi inkişaf və ölkənin beynəlxalq sistemə inteqrasiyası dövrü olub. Bu gün Azərbaycanın beynəlxalq arenada fəal iştirakçı kimi daha nüfuzlu mövqe qazanmaqda olduğu bildirilib. Qeyd edilib ki, ölkə energetika, nəqliyyat, informasiya texnologiyaları, rabitə və digər sahələrdə iri layihələrin həyata keçirilməsi işinin əsasını qoyanlardan biri və etibarlı tərəfdaşdır. Bu layihələrin inkişafı nəinki milli və regional inkişaf üçün güclü dinamika yaradır, həm də Qara dəniz və Xəzər dənizinin iqtisadi və geostrateji mənzərəsini əsaslı şəkildə dəyişdirir.

Məqalədə göstərilir ki, Azərbaycan uzun illər boyu humanitar sahədə beynəlxalq yardım təşəbbüslərini dəstəkləməklə bu işdə mühüm investora çevrilib. Azərbaycan multikulturalizm ölkəsi kimi digər ölkələrlə, mədəniyyətlər arasında körpü rolu oynadığı, beynəlxalq dialoqların inkişafına təsir göstərdiyi, mədəni tədbirlərin təşkilində iştirak etdiyi, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırmasında vasitəçilik etdiyi qeyd olunur. Öz beynəlxalq rolunu düzgün dərk etdiyinə görə 2011-2013-cü illərdə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, Xəzər və Qara dəniz regionlarında və onların hüdudlarından kənarda inkişaf, çiçəklənmə və sülh naminə çox şey etmək istəyən və bunu bacaran ölkə olmasına baxmayaraq, Azərbaycanın qarşısında dayanan ciddi maneə də mövcuddur. Bunun səbəbi kimi Azərbaycan ərazisinin beşdə bir hissəsinin hələ də erməni qoşunlarının işğalı altında olması göstərilib.

Məqalədə göstərilib ki, BMT Təhlükəsizlik Şurasının qərarları Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan tərəfi yenə də buna əməl etmir. Son iyirmi ildə münaqişənin sülh yolu itlə həll edilməsi uğrunda beynəlxalq birliyin bütün səylərinə baxmayaraq, vəziyyət dəyişməz qalır. Qeyd edilib ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll edilməsinə çalışır və ümid edir ki, beynəlxalq birlik Ermənistanın hazırkı siyasətini adekvat qiymətləndirəcək və ədaləti bərpa etmək uğrunda və gələcəkdə də belə faciələrin baş verməməsi üçün qəti və effektiv tədbirlər görəcəkdir.

Məqalədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən xarici siyasəti və bunu dinamik şəkildə inkişaf etdirən siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi altında respublika Şərqlə Qərb arasında körpü rolu oynayır.

Sonda qeyd edilib ki, müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan iqtisadi siyasət, sosial sabitlik, inkişaf etmiş beynəlxalq və mehriban qonşuluq münasibətləri sayəsində sabit, multikulturalist, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə kimi tanınıb.