» » » Əli Əhmədov Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru ilə görüşüb

Əli Əhmədov Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru ilə görüşüb

Əli Əhmədov Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru ilə görüşüb
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədri müavini-icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YAP-dan “Report”a verilən məlumata görə, Ə.Əhmədov bildirib ki, belə görüşlər iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərir və münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına uyğundur.

Baş nazirin müavini Seneqal nümayəndələrinin Bakıya səfərinin əlamətdar tarixə - Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə təsadüf etdiyini deyib. O, Azərbaycanın müstəqil dövlət kimi siyasi, iqtisadi və digər sahələrdə böyük inkişaf yolu keçdiyini vurğulayıb. Ə.Əhmədov Azərbaycanın müstəqillik illərində iqtisadi sahə ilə yanaşı, dünya birliyi ölkələri ilə əlaqələrin qurulması və inkişafı baxımından da böyük işlər gördüyünü qeyd edib: “Seneqal dövləti 2008-ci ildə BMT-də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmiz tərəfindən təqdim olunan sənədi, 2012-ci ildə isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləyib. Seneqal dövlətinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini müdafiə etməsinə, xüsusilə bizim üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində göstərdiyi dəstəyə görə ölkənizə təşəkkürümü bildirəm”.

Azərbaycanın dünya dövlətləri, o cümlədən Seneqal ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu deyən Ə.Əhmədov bildirib ki, bunun üçün hər iki ölkə geniş potensiala malikdir və bu potensialdan maksimum yararlanmaq vacibdir. İki ölkə iqtisadiyyatın bütün sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində birgə işlər görə bilər.

Azərbaycanın gömrük sahəsində bir çox dövlətlərlə əməkdaşlığından danışan baş nazirin müavini Seneqalla da gömrük sahəsində əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Seneqalın Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini deyib. O, Seneqalın beynəlxalq qurumlarda Azərbaycana verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirilməsindən məmnunluq bildirib.

Qonaq hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsində göstərilən diqqət və yardıma görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. O, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, bu sahədə qarşılıqlı əlaqələrin ölkələrimizin birgə səyləri ilə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib: “Biz Azərbaycanın bəzi gömrük məntəqələrində, eləcə də Dövlət Gömrük Komitəsinin bir neçə mərkəzində olduq. Onu deyə bilərəm ki, Seneqalın gömrük sistemində Azərbaycandan öyrəniləcək çox şey var. Eləcə də Azərbaycanın informasiya texnologiyaları sahəsindəki təcrübəsi də bizim üçün maraqlıdır”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.