» » » Azərbaycan Prezidenti: "Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir"

Azərbaycan Prezidenti: "Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir"

Azərbaycan Prezidenti: "Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir"
"Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır".

ucarliyiq.bizun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə mətbuata bəyanatlarla çıxışında bildirib.

"Biz, həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən xanım prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə Azərbaycan arasındakı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdim. Bizim torpaqlarımız təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir", - deyə dövlət başçısı qeyd edib.