» » » Dövlət Komissiyası: Ermənistanın humanitar problemi siyasiləşdirmək cəhdləri əsir-girov və itkinlər məsələsinin həllinə mane olur

Dövlət Komissiyası: Ermənistanın humanitar problemi siyasiləşdirmək cəhdləri əsir-girov və itkinlər məsələsinin həllinə mane olur

Dövlət Komissiyası: Ermənistanın humanitar problemi siyasiləşdirmək cəhdləri əsir-girov və itkinlər məsələsinin həllinə mane olur
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Müdafiə Nazirliyi ilə birlikdə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirib.

Qurumdan ucarliyiq.biza verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov hərbi hissənin şəxsi heyətinə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar problem və onun nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

O bildirib ki, münaqişənin başlandığı vaxtdan etibarən Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozmaq xətti götürməsi və humanitar problemi siyasiləşdirmək cəhdləri əsir-girov və itkinlər məsələsinin həllinə mane olub: "Müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzü və işğalın yaratdığı humanitar problemlə üz-üzə qalan Azərbaycan Respublikasında 1993-cü ildə mərkəzləşmiş Dövlət orqanı olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Azərbaycan elə həmin il beynəlxalq humanitar hüququn əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə və 14 may 1954-cü il tarixli Haaqa Konvensiyalarına qoşulub, bu sənədlərlə bağlı müvafiq qanunların qəbulu, aidiyyəti normativ sənədlərdə uyğunlaşmanın aparılması istiqamətində işlər görülüb".

O, deyilənlərə misal olaraq «Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında» (30 iyun 1995-i il) və digər bu xarakterli qanun və qərarların qəbul olunduğunu söyləyib.

Bu ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş döyüşlərə toxunan E.Səmədov hərbi əməliyyat zamanı düşmənin layiqli cəzasını aldığını bildirib, ancaq cəbhə bölgəsindəki uğursuzluqlarını Ermənistan ictimaiyyətindən gizlətmək və daxili ictimai rəyin yayındırılmasına hesablanmış bəyanatlar yayaraq, guya Azərbaycan Ordusunun humanitar hüquq normalarını pozması barədə yüksək tribunalardan heç bir əsası olmayan fikirlər səsləndirdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, əvvəllər olduğu kimi, son hadisələr zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarına hörmətsiz yanaşıb, müharibə qaydalarına və adi insani dəyərlərə hörmətsizlik edərək şəhid olmuş Azərbaycan hərbçilərinə qarşı qeyri-insani davranış sərgiləyib, eyni zamanda məqsədyönlü şəkildə mülki əhalini hədəfə alıb.

İşçi qrupu rəhbərinin müavini Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara daim hörmətlə yanaşaraq onlara əməl etdiyini, bu prinsiplərin davamlı şəkildə qoşunların qarşıdurma xəttində xidmət keçən əsgər və zabitlərin diqqətinə çatdırılmasının zəruriliyini bildirib, hərbi hissəyə əyani vəsaitlər təqdim edib.

Tədbirdə eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları da iştirak edib, beynəlxalq humanitar hüququn tarixi və inkişafı, qurumun Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki fəaliyyəti barədə məlumat verib, bu sahə ilə bağlı slaydın təqdimatı keçirilib.
Sonda mövzu üzrə hərbçiləri maraqlandıran suallar cavablandırılıb.