» » » Azərbaycan XİN başçısı: "Güc tətbiqi yolu ilə dövlətlərin sərhədlərinin pozulması qəbuledilməzdir"

Azərbaycan XİN başçısı: "Güc tətbiqi yolu ilə dövlətlərin sərhədlərinin pozulması qəbuledilməzdir"

Azərbaycan XİN başçısı: "Güc tətbiqi yolu ilə dövlətlərin sərhədlərinin pozulması qəbuledilməzdir"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə AŞPA ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Yan Liddel-Qrenqer Azərbaycanın təşkilat ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib. Səfər çərçivəsində Milli Məclisində də görüşlər keçirildiyini və faydalı müzakirələrin aparıldığını qeyd edən Yan Liddel-Qrenqer Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəal rolunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.