» » "Azərbaycanlı qızla evlənmərəm..." - Rumıniyalı tələbə - FOTO

"Azərbaycanlı qızla evlənmərəm..." - Rumıniyalı tələbə - FOTO

"Bura gəlmədən əvvəl Azərbaycanı digər ərəb, müsəlman ölkələri kimi təsəvvür edirdim. Ona görə ölkəniz haqqında qərəzli fikirlərim var idi. Bu qədər müasir bir mühit və mədəniyyət gözləmirdim".
ucarliyiq.biz xəbər verir ki, bunu lent.az-a rumıniyalı, 22 yaşlı Raul Putilean deyir. Eşidib ki, Azərbaycan da müsəlman ölkəsidir, o dəqiqə İran, İraq kimi bir ölkə gözünün önündə canlanıb. Amma bura gələndə çox heyrətlənib, Azərbaycan haqqında düşüncələri tamamilə dəyişib.
Raul UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ikinci kursda oxuyur. Rumıniyanın Bistrita şəhərindən gəlib. Özü burda əcnəbi dostları ilə kirayə qalır. "Erasmus" mübadilə proqramı üzrə aldığı təqaüdlə dolanır. Atası və anası eyni sahədə işləyir. Atası təcili tibbi yardımda sürücü, anası isə dispetçerdir. Özündən balaca, 15 yaşlı bacısı da var.
- Başqa bir ölkədə təhsil almaq seçimim yarananda ilk olaraq Avropa mədəniyyətindən fərqli bir ənənə, mədəniyyət görmək və fərqli bir mühit seçmək qərarına gəldim. Buna görə Azərbaycanı seçmişəm. Bura gəlmədən əvvəl internetdə də axtarış verdim. Əslində Azərbaycanda çox fərqli bir mədəniyyət, fərqli dünyabaxışları gözləyirdim. Ancaq indi görürəm ki, Rumıniyadan elə də fərqli deyil.
Burda dostum da var, iki ildir Azərbaycanda təhsil alır. Azərbaycan haqqında onunla çox danışmışıq. Burdakı yaşayışı, ərzaqların qiymətlərini və əcnəbi turistlərə münasibəti müzakirə etmişik. UNEC-i seçməyi isə "Erasmus" mübadilə proqramı üzrə koordinator təklif edib. Azərbaycanda yaşamaq rahatdır. Şəhəri və buranın havasını çox sevirəm.
Raul yerli vətəndaşlarımızın münasibəti sayəsində burda evindəki kimi hiss edir.
- Həm Rumıniyada, həm də Azərbaycanda insanlar çox mehriban və ünsiyyətcildir. Bu da özümü evdəki kimi hiss etməyimə kömək edir. İnsanları  bu qədər mehriban gözləmirdim. Doğrusunu desəm, əcnəbilərə qarşı soyuq davrandıqlarını zənn edirdim. İnsanların bu cür xoş biri olması və ölkədəki qədim tarixi abidələr, relyef məni çox təəccübləndirib.
Azərbaycan dilini bilməsə də, cəmi  bircə dəfə ünsiyyətdə çətinlik yaşayıb.
- Azərbaycan dilində danışa bilmirəm. Sadəcə "salam", "sağ ol" və bir-iki cümlə. Harasa gedəndə dostlarımla gedirəm, onlar da ya rus, ya da azərbaycan dilində danışmağı bacarır. Yaşadığım ünvana yaxın dükanlarda satıcılar da məni tanıyır deyə heç vaxt qiymətlərdə aldatmayıblar.  İlk dəfə çətinliyim  hava limanında oldu. Hava limanında ingilis dilində başa düşəcək və danışa biləcək taksi sürücüsü tapmadım. Axırda dostuma zəng etdim ki, sürücü ilə danışıb ünvanı izah etsin.
Həmsöhbətimiz deyir ki, Bakıda insanları, şəhəri sevir, ancaq milli mətbəximizi bəyənmir.
- Daddığım əksər Azərbaycan yeməkləri quzu, qoyun ətindən hazırlanır. Mən də quzu və qoyun əti yemirəm. İyini xoşlamıram.
Raulun Azərbaycan haqqında mənfi xatirəsi yoxdur.
- Çox maraqlı yerlərdə olmuşam. Xüsusən, Şəki, Lahıc sakinlərini çox sevdim. Adama qarşı elə mehriban, qonaqpərvər davrandılar ki!  Yaxşı hiss edək deyə əllərindən gələni etməyə çalışdılar.
Azərbaycan haqqında mənfi xatirəm yoxdur. Özüm də pozitiv biri olduğum üçün gördüyüm hər mənfiyə elə də önəm vermirəm. Düşünmürəm o haqda.
Raulun qəlbini iki qadın fəth edə bilib. Biri öz qızımız (azərbaycanlı), digəri isə əcnəbi. Ancaq seçim etməli olduğundan əcnəbini seçib.







scroll top