» » Bel ağrılarından 15 günə qurtulmağın YOLLARI

Bel ağrılarından 15 günə qurtulmağın YOLLARI


#MARAQLI

Monitorun qarşısında oturarkən, maşın sürərkən, ya da ayaqqabını bağlayarkən yol verdiyiniz xətalar sizi disk yırtıqları ilə üz-üzə qoya bilər. İlk baxışda adi hesab edəcəyimiz bu hərəkətlərin əslində ağır fəsadlar verə biləcəyi heç ağlımıza da gəlmir. Məhz bu diqqətsizlik hər gün onlarla xəstəni klinikalara, xəstəxanalara yönləndirir.
ucarliyiq.biz bildirir ki, disk yırtıqlarının necə yaranması, fəsadları, qabaqlayıcı üsullar, habelə bununla bağlı hamilə qadınların diqqət etməli olduğu məqamlar və əməliyyatsız müalicə yolları barədə Nəsrəddin Tusi adına Klinikanın reabilitoloq, fizioterapevti Pərvin Əkbərov publika.az-ın suallarını cavablandırıb.
- Pərvin həkim, onurğanın disk yırtıqları nədir? İlk olaraq bu barədə danışmağınızı istəyirəm.
- Disk onurğa sütununa düşən mexaniki stresləri udur və birbaşa bədənə düşməsinin qarşısını alır, onun onurğa sütununun hərəkətində böyük rolu var. Həmçinin onurğada elastikliyi çoxaldır. Disk iki hissədən ibarətdir-jelatinə oxşar hissəsinin 90 faizi sudur, onun ətrafında diskin qığırdaq toxuması yerləşir. Qığırdaq toxumasının yırtılması disk yırtıqlarına səbəb olur.
- Disk yırtığı necə yaranır?
- Disk yırtığı ya birbaşa hər hansı sərt idman hərəkətindən, ya da zamanla qığırdaq üzərinə düşən təzyiqdən yaranır. Məsələn, taksi sürücüləri, uzun müddət oturaq işdə çalışanlar, ağır çəkisi olub idmana getməyən, bütün günü oturanlar, ya da orqanizmdə olan pozuntular, yastıayaqlılıq, skalioz, kifoz bu problemi yaşayanlar risk qrupundadır. Zaman-zaman disk üzərinə düşən təzyiq nəticəsində qığırdaqda qabarma, yırtıq yarana bilir. Təzyiq nəticəsində qığırdaq toxuması dağılmırsa, bunu disk yırtığı hesab etmirik. Nüvə onurğa kanalına doğru açılmadığından qabarma, sonrakı mərhələdə protruziya adlanır. Cızılma varsa, disk nüvəsinin möhtəviyyatı ana kanala doğru açılarsa, bu disk yırtığı sayılır.
- Disk yırtıqlarının ilkin əlamətləri nələrdir?
- Disk yırtıqlarının növündən asılı olaraq ağrılar fərqli olur. Medial disk yırtığında xəstə hər iki ayağında ağrı hiss edir. Sağa və sola doğru hərəkət varsa, sadəcə həmin ayaqlarda şikayətlər olur. İlk ağrılar, əlbəttə, bel nahiyəsində başlayır. Ağrılar uzun müddət davam edib, həyat keyfiyyətinə təsir edə bilər. Disk yırtıqlarını 90-99 faiz hallarda bel nahiyəsində L4-L5, L5-S1-də, boyun nayihəsində C4-C5, C5-C6 fəqərələrində müşahidə edirik. Bu nayihələrdə aşkarlanmasının da səbəbi var. Bel nayihəsində yaranma səbəbi cazibə qüvvəsinin bizi yerə doğru çəkməsi və bədənin əsas ağırlığının bu fəqərələrə düşməsi ilə bağlıdır. Boyun nayihəsinə gəldikdə bunun səbəbi işlə bağlıdır. Daha çox sükan arxasında, ya da kompüter qarşısında düzgün bucaq altında oturmamaqdan irəli gələ bilir. Xarici şirkətlərdə Bununla bağlı xüsusi proqramlar hazırlanır. Boynumuzda "s" şəkilli qövs var. Səhv oturarkən boyun loqosu düzlənir. Bu zaman boyunda yırtıqlar meydana gəlir. Eləcə də, onurğa sütünumuz da "s" şəkillidir, buna gördə fəqərələr arasına düşən yüklər bərabər şəkildə paylanır. Lakin düzgün hərəkət etmədikdə bu qanunauyğunluq pozulur. Müəyyən disklər təzyiq altından çıxır, digərlərində yüklənmə artıq olur. Yüklənmənin ən çox düşdüyü disklərdə yırtıqlara rast gəlirik. Disk yırtığının yarandığı nahiyədən asılı olaraq ağrı dəyişə bilir. L4-L5 olan disk yırtığı baldırda, ayağın aşağısından yuxarıya doğru keyimə hiss edə bilər, hətta baş barmağın özündə ağrılar hiss edirik. Bir çox hallarda ilkin müayinədən baş barmağındakı ağrılarla xəstəliyi müəyyən edə bilirik. Bütün bel ağrılarını disk yırtığı deyə MRT-yə göndərə bilmərik. Yanlış ayaqqabı, oturacaq seçimi bel ağrılarına səbəb ola bilər. Ona görə ilkin müayinə ağrının səbəbini aydınlaşdırmağa imkan verir. Qadınlarda bu problem daha çox hamiləlik vaxtı müşahidə edilir. Çünki hamilə qadının qarnında 1 kiloqram artıq yüklə onurğaya 7 kiloqramlıq təzyiq yüklənmiş olur. Nəticədə bel nahiyəsində lordoz yaradır. Hamilə qadınların disk yırtığı ilə müraciətini müşahidə edirik.
- Bəs hamilə qadınlar bu müddətdə disk yırtıqlarından qorunmaq üçün nələr etməlidirlər?
- Reabilitasiyada qadının hamiləliyə hazırlanması proqramı var. Məsələn, qadınlar hamiləlikdən 3-6 ay əvvəl fizioterapevtə müraciət edib, diqqət göstərməli olduqları məqamlar barədə məlumat toplaya bilərlər. Vaxt yoxdursa, ən azı internetdə bu haqda maarifləndirici məlumatlara yiyələnməlidirlər. Çanağın iç qrup əzələlərini və onurğa əzələlərini gücləndirmək üçün idman hərəkətləri var. Bunlar həm hamiləlik zamanı bel ağrılarından qoruyar, həm də doğuşun asan keçməsinə imkan verə bilər. Hamilə qadınları dərman və ya fizioterapiya ilə müalicə edə bilmərik. Sadəcə olaraq hərəkətlərlə disk yırtıqlarının qarşısını alırıq. Bu vaxta qədər disk yırtığı olan qadına normal doğuş etməməyi məsləhət görməmişik.
- Sizin klinikada təkcə hamilə yox, digər xəstələrə tətbiq etdiyiniz müalicə üsullarından danışaq. Disk yırtıqlarının müalicəsində əməliyyat, yoxsa fizioterapiya müalicəsini seçirsiniz? Hansı halda xəstələr əməliyyata yönləndirilməlidir?
- Disk yırtıqları 95 faiz halda əməliyyat edilməməli, konservativ müalicə ilə aradan qaldırılmalıdır. Xəstədə kəskin ağrılar olarsa, aşağı ətraflarda fəsadlar yaradarsa, əməliyyat məsləhət görülə bilər. Gün ərzində 50-dən çox xəstə müraciət edir, mərkəzimizdə müalicə alır. Bu gün ölkəmizdə disk yırtıqları müalicəsində yırtıqların neçə millimetr olmasını əsas götürürlər. Lakin bu, doğru deyil. Xəstədə təsadüfi müayinə nəticəsində böyük yırtıq aşkarlana bilər. Ancaq o xəstəyə ağrı, narahatlıq vermədikcə, yırtığın ölçüsünü əsas götürüb əməliyyat etmək olmaz. Ya da yırtığın az olmasını əsas götürərək ağrı hiss edən xəstəni müalicəyə cəlb etmək də doğru deyil. Tibdə yırtığın böyüklüyünə uyğun əməliyyat seçimi doğru hesab edilmir. Bizim klinikada konservativ müalicədə ilk növbədə yırtığın səbəbini müəyyən edirik. Yastıayaqlılıq, qısa əzələlər daim onurğa sütununu stresdə saxladığı üçün müalicəyə çətinlik yarada bilər. Bu səbəblər müəyyən edilmədən tətbiq edilən müalicə effekt vermir. Ona görə də biz yalnız disk yırtığını müalicə etmirik, ümumi müayinə ilə onu yaradan səbəbləri aşkarlayıb, həm də onlara qarşı mübarizə aparırıq. Müayinə və dəqiq diaqnoz müalicənin 90 faizi deməkdir. Bütün xəstələrə eyni müalicə tətbiq etmək yanlışdır, hər xəstəyə individual yanaşılmalıdır. Müalicə zamanı xəstənin həyat tərzi, işi, necə yatması da diqqətdə saxlanılmalıdır. Biz həm dərman, həm fizoterapiya müalicəsi tətbiq edir, ehtiyac olduğu halda neyrocərraha yönləndiririk. Müalicədə uğur qazanmağımızın bir səbəbi yırtıq yaranan nahiyəyə traksiya tətbiq etməyimizdir. Diskin üzərindən təzyiqi götürməklə, birinci onu xilas edirik. Bununla da disk nisbətən əvvəlki vəziyyətinə qayıtdıqca, sinirin sıxılması da aradan qalxır. Bu üsullun disk yırtığına nə qədər effektli təsir etməsi elmi baxımdan da təsdiqlənib. Bu üsulla əməliyyat riskini də aradan qaldırırıq. Növbəti müayinələrdə yırtığın azalmasını müşahidə edirik. 7 gün ərzində xəstənin ayağındakı ağrılar tam çəkilir, 15 gündən sonra müəyyən hərəkətləri ev şəraitində edərək disk yırtıqlarını aradan qaldırmış olur. Lokal traksiya tətbiq etməyimiz də məqsədlidir. Çünki umumi traksiya zamanı onurğanın bütün nahiyəsi, bəzən istənməyən yerlər də dartılır. Bəzən ümumi traksiya ilə müalicə disk yırtığını müalicə edə bilər, lakin bu sonradan bəzi fəsadlara səbəb ola bilər. Xəstə uzun müddət ayaqüstə qaldıqda, çox oturduqda ağrılar olması mümkündür. Boyundakı disk yırtıqlarına da eyni üsul tətbiq edirik. Ən böyük disk yırtıqlarının da belə üsulla müalicəsini aparmışıq. Hətta 1 neçə dəfə əməliyyat edilib yenidən disk yırtığı yaranan xəstələri belə əməliyyatsız, müalicə ilə sağalda bilirik.

- Bəzi hallarda xəstələrin disk yırtığı olduğunu təsadüfi müayinə nəticəsində öyrəndiyini dediniz. Bu təsadüf olmazsa, xəstəlik hansı mərhələyə qədər ağırlaşa və hansı fəsadlara səbəb ola bilər?
- Xəstədə hər hansı ağrı, aşağı ətrafda sinirlə bağlı problem yoxdursa, hələ ki, hər hansı fəsadlardan söhbət gedə bilməz. Unutmamalıyıq ki, xəstənin adi bir asqırması nəticəsində, ayaqqabı geyinərkən yol verdiyi səhvlər kəskin ağrıların yaranmasına səbəb ola bilər. Bu haldan heç kim sığortalanmayıb. İnsanların ani bir səhvi ilə disk yırtıqlarının yaranmasına səbəb ola bilər.
- Gecikmiş və yanlış müalicənin fəsadları nələr ola bilər?
- Bu çox ciddi problemlər yarada bilər. Məsələn, ayaqda sallanma, xəstənin aşağı ətraf əzələlərində sıxılma, zəiflik müşahidə edilə bilər. Xəstənin ayağını yuxarı qaldırmaq qabiliyyəti tədricən itir. Gecikdirilmiş disk yırtıqlarında əməliyyat belə bəzən fəsadların aradan qaldırılmasını mümkünsüz edir. Bu gün daha çox ağırlaşmış disk yırtıqları ilə qarşılaşırıq. Əksəriyyət sadə bel ağrıları ilə həkimə müraciət etmir.
- Müraciətlər ən çox hansı yaş qrupları arasında olur?
- Bel ağrıları əsasən 25-40 yaş arasında daha çox müşahidə edilir. Bu insanlar gündəlik həyatlarında ağrıları hiss edirlər.
- Qadınlar, yoxsa kişilərin müraciətində fərq varmı?
- Daha çox kişilərdə müşahidə edirik.
- Müsahibə boyunca, disk yırtıqlarının yaranma səbəblərinə toxundunuz. Son olaraq istərdim disk yırtıqlarından qorunmaq üçün ən xırda hərəkətlər də daxil olmaqla diqqət etməli olduğumuz məqamlara aydınlıq gətirəsiniz.
- Disk yırtıqlarından qorunmaq birinci növbədə insanın həyat tərzindən asılıdır. İnsanda artıq çəki olmamalı, bütün işləri nəzarətdə olmalıdır. Oturduğu stuldan maşın sürdüyü vəziyyətə qədər diqqət edib, gündəlik idmanla məşğul olmaq qabaqlayıcı tədbirdir. Bunlara əməl etməklə, disk yırtığının əmələgəlmə faizini sıfıra endirə bilər. Həyat tərzimizdə gündəlik diqqət etməli olduğumuz hərəkətlər disk yırtıqlarının qarşısının alınmasında vacibdir. Hətta müalicə alan biri bu qaydalara əməl etməzsə, ağrılardan qurtula bilməz. Onurğa problemləri gündəlik hərəkətlərdən çox asılıdır.
scroll top