» » Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI

Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI


#CƏMİYYƏT

#SOSİUM
İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Nazirlikdən ucarliyiq.biz-a verilən məlumata görə, mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilib və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülüb.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:
-"AER Company Qrup" MMC-nin istehsal etdiyi"Çudo" şokoladlı, "AER" plombir şokoladlı, "AER" plombir vanilli, "Yasif" plombir və "Melisa";
-"Band Milk" MMC-nin istehsal etdiyi "Nostalji" plombir, "Briket-krem brule" və vafli stəkanda olan qaymaqlı-şokoladlı;
-fiziki şəxs Səringül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir, "Panda" südlü, "Meçta" şokoladlı plombir, "Arktika" şokoladlı plombir, "Tanqo" şokoladlı və "Tanqo" cemli;
-fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality" badamlı, "Bakı gecələri" plombir, "Armada", "Eskimo Yoloçka", "Yeni şəhər" plombir;
-"S.A.B.A. Şirkəti" MMC-nin istehsal etdiyi "İçəri şəhər" qəhvəyi, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir;

-"A.Y.S-60" MMC-nin istehsal etdiyi "Südlü" klassik və "A-klass" dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "AER Company Qrup" MMC-yə məxsus "Çudo" şokoladlı, "AER" plombir şokoladlı və "AER" plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir və "Panda" südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar "AER Company Qrup" MMC,"Band Milk" MMC, "S.A.B.A. Şirkəti" MMC, "A.Y.S-60" MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.
İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
Zərif Nisə
scroll top