» » Yenidogulmuşlarda hipotireozu ilk günlərdən aşkar etmək mümkündür

Yenidogulmuşlarda hipotireozu ilk günlərdən aşkar etmək mümkündür


#MARAQLI

#UŞAQ
Hipotireozu yenidogulmuşun ilk günlərindən aşkar etmək mümkündür. Vaxtinda qoyulan diaqnoz isə uşağı əqli və fiziki problemlərdən qoruyur.
ucarliyiq.biz AZƏRTAC-a istinadən bildirir ki, uşaqlar arasında rast gəlinən hipotireoz xəstəliyi haqqında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının endokrinoloq-genetik pediatrı Adilə Çernik-Bülənd klinikanın mətbuat xidmətinə məlumat verib.

A.Çernik-Bülənd bildirib ki, hipotireoz-qalxanvarı vəzin hormonlarının sintezinin zəifləməsi ilə səciyyələnən xəstəliklər qrupuna daxildir: "Bu, anadangəlmə və qazanılmış ola bilər. Bəzən südəmər dövrə qədər xəstəliyin əlamətləri özünü büruzə verir. Belə ki, ana südündə olan hormonlar çatışmazlığı təmin edir. Uşaqlarda hipotireoz anadan artıq çəki ilə doğulanlar arasında daha çox rast gəlinir. Belə uşaqlarda göbək gec düşür, fizioloji sarılıq uzun çəkir. Bəzən sarılıq 20 gündən 1 aya qədər davam edir. Belə uşaqlar pis əmir, ac olanda və ya altı yaş olanda ağlayır. Yuxusuzluq, əzginlik, göbək yırtığı, kobud səs, böyük dil, quru, qırışlı dəri, ətrafların soyuq olması, saçın cod olması, qəbizlik kimi hallar müşahidə olunur. Anadangəlmə hipotireoza vaxtında diaqnoz qoyulmadığı təqdirdə isə belə uşaqlarda əqli və fiziki inkişafın geri qalması halı müşahidə olunur. Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrində yenidoğulan uşaqlarda xəstəliyin olub-olmamasını təyin etmək üçün elə doğum evində skrininq testi aparılır. Xəstəlik aşkar edilərsə, ilk gündən aparılan əvəzedici terapiya ağırlaşmaların, əqli geriliyin, əliliyin qarşısını almağa kömək edir. Belə uşaqlar mütəmadi olaraq həkim-endokrinoloqun nəzarətində olub, müvafiq müalicə alarsa, cəmiyyətdə yararlı şəxs kimi yaşayıb, yarada bilərlər".
Interesting facts scroll top